BAKI, 3 fevral — Sputnik. Çində yeni növ koronavirusdan ölənlərin sayı 361-ə çatıb. Sputnik Azərbaycan "BBC"-yə istinadən xəbər verir ki, bu barədə Çinin Səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb.
Məlumata əsasən, xəstəliyə yoluxanların sayı 17000-ə çatıb.
Qeyd edək ki, bu gün Uhanda 8 gün ərzində tikilən yeni xəstəxana insanları qəbul etməyə başlayacaq. 1000 çarpayılıq Houşenşan hospitalı Hubey vilayətində baş qaldıran xəstəliyin qarşısını almaq üçün tikilən iki xəstəxanadan biridir.
Leişanşanda ikinci hospitalın tikintisi isə çərşənbə günü yekunlaşacaq.
Hubey vilayətində olan bütün xəstəxanalarda pasiyentlərin sayı həddən artıq çoxdur və həkimlər xəstəliklə mübarizə etməkdə çətinlik çəkirlər. Qeyd olunur ki, vilayətdə olan xəstəxanaların heç də hamısı yeni virusla mübarizə üçün lazımi avadanlıqlarla təchiz olunmayıb və buna görə bu virusa yoluxanların sayı sürətlə artır. "Washington Post" nəşri isə öz növbəsində yazır ki, vəziyyət o yerə çatıb ki, bəzi xəstəxanalarda həkimlər ayaqyoluna getməyə vaxt tapmadıqları üçün bezlərdən istifadə etməyə başlayıblar.
Bazar ertəsi üzrə Çinin Səhiyyə üzrə Dövlət Komitəsi ölkədəki koronavirusla bağlı məlumat yayıb. Ümumilikdə 21,558 şəxsə virus şübhəsi diaqnozu qoyulub, 152,700 nəfər tibbi nəzarət altındadır. Məlumatda qeyd olunur ki, 475 nəfər hospitallarda müalicə aldıqdan sonra evə buraxılıb.
Bununla da Çində koronavirusdan ölənlərin sayı 2002-2003-cü illərdə yayılan SARS xəstəliyindən ölənlərin sayını keçib.
Lakin SARS virusundan ölənlərin sayı bu virusa yoluxanların sayına nisbətdə 10% idisə, yeni koronavirusda bu göstərici 2% civarındır.
Yeri gəlmişkən, Çindən kənarda bu virusa yoluxanların sayı 150-ni keçib.
Bu arada Honkonqda həkimlər kütləvi tətillərə başlayıblar. Onlar yerli rəhbərlikdən Çinlə sərhədin tamamilə bağlanmasını istəyirlər.