BAKI, 18 yanvar — Sputnik. Azərbaycanın xalq artisti, mərhum diktor Rafiq Hüseynovun qızı Leyli Hüseynli televiziyada işə başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Leyli Hüseynlinin anası Səbinə Hüseynli məlumat verib. O bildirib ki, qızı Leyli Hüseynli AzTV-də aparıcılıq edəcək: "İngilis dilində olan gecə xəbərləri ilə efirə çıxacaq. İmtahandan keçərək işə qəbul olunub".
Qeyd edək ki, Leyli Hüseynli Azərbaycan Rəssamlıq Akademiyasının ikinci kursunda təhsil alır. Azərbaycanın xalq artisti, tanınmış diktor, mərhum Rafiq Hüseynovun qızıdır. Rafiq Hüseynov 1946-ci ildə Şuşa şəhərində anadan olub. 17 yaşında Azərbaycan Televiziyasına işə düzəlib, 1966-cı ildə orada diktor kimi fəaliyyətə başlayıb. 2017-ci il oktyabrın 26-da 71 yaşında dünyasını dəyişib.