Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 16 yanvar - Sputnik. Azərbaycan ətraf mühitə çox təsir edən ölkə deyil, amma istərdik ki, Azərbaycan iqlim dəyişikliyinə görə daha güclü sistem qursun.
Sputnik Azərbaycan xəbər verir ki, bunu BMT ilə Azərbaycan arasında tərəfdaşlığın növbəti beşilliyi üçün prioritet sahələrin müəyyənləşdirilməsi məqsədilə keçirilən konfransda çıxışı zamanı BMT-nin Rezident Əlaqələndiricisi Qulam İshaqzai bildirib.
O vurğulayıb ki, Azərbaycan dayanıqlı inkişaf məqsədlərinə nail olmağı əsas hədəf kimi qarşısına qoyub: "Azərbaycan bu məqsədləri icra etmək istəyirsə, 2030-cu ilə olan gündəliyə öz təkliflərini verməlidir. Bu, tarixdə görülməmiş gündəlikdir. İqlim dəyişikliyi, bərabərliyin təmin edilməsi, yoxsulluğun aradan qaldırılması məsələsini BMT özü tam mənada icra edə bilməz".