BAKI, 15 yanvar — Sputnik. Ötən il məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 83.2 milyon manat məbləğində maddi ziyandan ibtidai araşdırma mərhələsində 21.8 milyon manatın ödənilməsi təmin edilib, həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 40.3 milyon manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulmaqla, ümumilikdə vurulmuş maddi ziyanın 74.7 %-nin ödənilməsi təmin edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Korrupsiya ilə Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün ilin yekunlarına dair keçirilən hesabat konfransında qeyd edib. O bildirib ki, Mənzil Tikinti Kooperativlərinin vəzifəli şəxsləri və onlarla cinayət əlaqəsinə girmiş digər şəxslər tərəfindən ayrı-ayrı vətəndaşlara satılmış mənzilləri təkrar satmaqla dələduzluq yolu ilə özgələrinə məxsus külli miqdarda pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə vurulmuş maddi ziyanın ödənilməsinin təmin edilməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə tədbirlər görülüb.
Onun sözlərinə görə, qanunvericiliyin tələblərini pozmaqla saxta spirtli içki istehsalı ilə məşğul olmuş bir qrup sahibkara qarşı Baş İdarə tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilib. Bu zaman qanunsuz olaraq müxtəlif çeşiddə saxta spirtli içkilər istehsal edərək paytaxtda və respublikanın müxtəlif bölgələrində satışını həyata keçirən 4 nəfər Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.