BAKI, 10 yanvar — Sputnik. Birləşmiş Ştatlar Rusiya və Çinlə mübarizə üçün Asiyada yeni bazalar yaratmaq istəyir. Sputnik Azərbaycan "Bloomberg"-ə istinadən xəbər verir ki, bunu ABŞ ordusunun işləri üzrə idarənin rəhbəri Rayan Makkarti bildirib.
Onun sözlərinə görə, bazalar dəniz və yerüstü hədəflərə zərbələr endirməli və kiberhücumlar həyata keçirmək imkanına malik olmalıdır. Hərbi birləşmələr Tayvan və Filippindən şərqdə, Sakit Okean adalarında yerləşməlidir. Onlar hipersəs sürətinə malik raketlər də daxil olmaqla, uzaq məsafəli və yüksək dəqiqliyə malik silahlarla təchiz olunmalıdır.
"Atılacaq bu addımlar artıq Çin və Rusiya tərəfindən edilən bütün investisiyaları neytrallaşdırmalıdır", - deyə Makkarti qeyd edib.
O hesab edir ki, yeni bazaların yaradılması Çinin müdafiə sistemində "deşik açmağa" imkan verəcək.
"Bloomberg" hesab edir ki, bu addımlar Pentaqon rəhbəri Mark Esperin planlarına uyğundur. Belə ki, Esper Çinə və Rusiyaya rəqabət göstərmək üçün Avropa, Afrika və Yaxın Şərqdə olan hərbçiləri Sakit okeana dislokasiya etmək istəyir.