İlham Mustafayev, Sputnik Azərbaycan
Bakı, 10 yanvar - Sputnik. Şəmkirdə itkin düşən şəxs tapılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Şəmkir rayon sakini, 2002-ci il təvəllüdlü Xəyalə Həsənova yanvarın 6-da Şəmkir rayon Kür qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X. Həsənovanın yeri Sumqayıt şəhərində müəyyən edilərək ailə üzvlərinə təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Xəyalə Həsənova olayı ilə bağlı bəzi təfərrüatlar da məlum olub. Sputnik Azərbaycan-ın məlumatına görə, əslində hadisə ictimaiyyətə çatdırıldığı kimi bir ay əvvəl, yəni dekabr ayının 6-da deyil, bu il yanvar ayının 6-da baş verib. Belə ki, ötən ilin dekabrın 9-da ailə həyatı quran Xəyalə Həsənova rayonun Kür qəsəbəsindəki gəlin köçdüyü evdən qaçıb. Bu haqda onun qaynanası Şahnaz Həsənova danışıb. Onun sözlərinə görə, bacısı nəvəsi olan Xəyalə Həsənova evdən gedərkən qızıllar, kosmetika və paltrlarlarını da özü ilə götürüb:
"Ötən ay töylarını etmişdik. İndiyədək evdə heç bir söz-söhbət, dava-şava olmayıb. Yanvarın 6-da günorta saatlarında mən istixanada işləyərkən paltarlarını, qır-qızılını və kosmetikasını çantalarına yığıb. Yola baxan pəncərədən çantalarını düşürüb. Özü isə həyət qapısından çıxaraq gedib. Heç kimə heç nə deməyib. Gedəndə görənlər olub. Aptekə girib qoruyucu maska alıb. Yəqin tanınmasın deyə edib. Biz də məəttəl qalmışıq. İstəyirik tapılsın görək niyə gedib nə səbəbə gedib" - deyə məlumat verib.
Ş.Həsənova Xəyalənin onların yanında mobil telefondan istifadə etmədiyini də bildirib. Gizlində işlətməsindən isə xəbərləri olmadığını deyib.
Qeyd edək ki, X.Həsənovanın itkin düşməsilə bağlı yanvarın 9-da ailə üzvlərinin hüquq-mühafizə orqanlarını məlumatlandırmasından sonra onun axtarışlarına başlanılmışdı.