BAKI, 29 dekabr - Sputnik. Cari ildə dünyanın 500 ən varlı adamının ümumi var-dövləti 25 faiz və ya 1,2 trilyon dollar artıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə “Bloomberg” nəşri yazıb.
“Bloomberg Billionaires Index” adlı milyarderlər reytinqinə əsasən, onların ümumi var-dövləti 5,9 trilyon dollar təşkil edir.
Məlumata görə, var-dövlətin artması göstəricisinə Fransanın “LVMH” (Moet Hennessy — Louis Vuitton) konqlomeratının rəhbəri, dünyanın üçüncü ən varlı adamı Bernar Arno liderlik edir. Onun var-dövləti keçən il ilə müqayisədə 36,5 milyard dollar artıb. Qeyd edək ki, “LVMH” konqlomeratı “Christian Dior”, “Louis Vuitton” və “Givenchy” ticarət markalarının sahibidir.
“Bloomberg” xəbər verir ki, “Amazon” şirkətinin rəhbəri Ceff Bezos arvadından boşanma prosesində 9 milyard dollar itirməyinə baxmayaraq, hələ də dünyada ən varlı adam olaraq qalır.