BAKI, 26 dekabr — Sputnik. ABŞ Prezidenti Donald Tramp milli müdafiə üçün illik büdcə ayrılmaları və xərclərinə dair qanunu (başqa adı ilı Milli Müdafiə İcazə Aktını (NDAA)) imzalayıb. Bu qanunla Ankaranın Rusiya istehsalı olan "S-400" sistemlərini alması ilə əlaqədar olaraq "F-35" qırıcı təyyarələrinin Türkiyəyə satışına qadağa qoyulur.
Büdcədə həmçinin "Şimal axını-2" və "Türk axını" qaz kəmərləri layihələrinin icrasında iştirak edən şirkətlərə qarşı sanksiyalar da yer alıb. Məsələni Ankaradakı Siyasi və Böhran Araşdırmaları Mərkəzinin (ANKASAM) rəhbəri, türkiyəli ekspert, professor Mehmet Seyfettin Erol Sputnik-ə müsahibəsində şərh edib.
Ekspertin fikrincə, ABŞ sanksiyalar yolu ilə ikitərəfli münasibətlərdə Türkiyəyə birtərəfli yanaşma tətbiq etməyə çalışır.
"Türkiyənin Suriyaya yönəlmiş Yaxın Şərq siyasəti, Türkiyənin Şərqi Aralıq dənizi və Şimali Afrikaya münasibətdə apardığı siyasət və bu çərçivə daxilində onun inkişaf etdirdiyi ikitərəfli və regional əməkdaşlıq Amerikanın "Böyük Yaxın Şərq layihəsi" üçün təhlükə kimi qəbul edilir. ABŞ Türkiyəni onun bütün planlarını pozan siyasətinə görə cəzalandırmaq istəyir", - Erol deyib.
Erol qeyd edib ki, ABŞ aparıcı oyunçu mövqeyini itirdikcə daha iddialı və aqressiv olur – bu kontekstdə sanksiya tətbiq etmək qərarları Vaşinqtonun uğursuzluğunun bir göstəricisidir və Şimali Atlantik alyansın ruhuna uyğun gəlmir.
"Ankaranın bütün bunları dost təşəbbüsləri kimi qəbul edəcəyini və onlarla barışacağını gözləmək lazım deyil. Ankara əlbəttə ki, hansısa bir məqamda buna lazımi cavabı verəcək. Şərait bunun üçün kifayət qədər münbitdir. Amerikanın sanksiya tətbiq etməklə bağlı son qərarlarının birbaşa Türkiyəyə qarşı yönəldiyi təəssüratı yaransa da, əslində onların məqsədləri və xarakteri Rusiya, Avropa İttifaqı (Aİ) və hətta Çin də daxil olmaqla ölkələrin daha geniş bir spektrini əhatə edir. Məsələ bundadır ki, bu oyunçular son dövrlərdə apardıqları siyasət ilə hər gün "ABŞ-ın düşmənləri" anlayışı altına düşürlər. ABŞ rasional düşünmək qabiliyyətini itirməyə başlayıb, özü digər ölkələri ittifaqlar yaratmağa məcbur edir və bununla da sanksiyaların təsirinin minimal olmasına zəmin yaradır. Sanksiyaların tətbiqi ilə bağlı son qərarlar ABŞ-ın yeni dünyanın və Türkiyənin həqiqətlərini dərk etməkdən çox uzaq olduğunu göstərir", - Erol deyib.
Erol ABŞ-ın "Türk axını" və "Şimal axını-2" layihələri ilə bağlı sanksiya tətbiq etmək qərarını ölkələrin xarici və enerji təhlükəsizliyi siyasətinə müdaxilə kimi qiymətləndirib.
"Görünür, ABŞ bu ölkələrin müstəqil və suveren olduğunu unudub", - ekspert deyib. Onun sözlərinə görə, ABŞ təkcə Rusiya ilə Türkiyə arasındakı yox, həm də Rusiya ilə Aİ arasındakı əlaqələrin güclənməsindən narahatdır; Birləşmiş Ştatların hədəfində hər şeydən əvvəl Rusiya durur və sanksiyalarla ABŞ müttəfiqlərini seçim etməyə məcbur edir.
"Təbii ki, Ankaranın siyasi iradəsini hədəfə alan yeni sanksiyalar son nəticədə yalnız Türkiyəyə təsir etməyəcək. Aİ anlayır ki, Türkiyəyə qarşı tətbiq olunmuş sanksiyalar bir müddət sonra ciddi şəkildə birbaşa olaraq ona da təsir edəcək. Bu sanksiya prosesi ABŞ-Aİ və NATO münasibətləri kontekstində yeni böhranlar şəklində özünü göstərə bilər", - Erol deyib.
Erolun sözlərinə görə, bu cür addımlar Türkiyəni yeni radikal qərarlar qəbul etməyə məcbur edir.
"Aydındır ki, bu Birləşmiş Ştatlarla daha yaxın, birtərəfli müttəfiq münasibətlərinə gətirib çıxarmayacaq. Əksinə, Türkiyə Amerika administrasiyasının bu qərarlarını düşmən münasibətinin nəticəsi hesab etsə, deməli, mövqeyini buna uyğun olaraq göstərəcək. ABŞ-ın Türkiyəni öz tərəfinə çəkmək səyləri tamamilə yeni bir qüvvələr ittifaqının yaranmasına səbəb ola bilər. Buna görə də seçim etməli olan bir ölkə varsa, o da ABŞ-ın özüdür. ABŞ ya yeni dünyanın və Türkiyənin həqiqətlərini dərk edəcək və ikitərəfli münasibətlər məsələsində konsensusa əsaslanacaq, ya da sərt "Türkiyəsiz ABŞ" reallığı ilə qarşılaşacaq.