BAKI, 21 dekabr — Sputnik. Dekabrın 17-də Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən Botsvana Respublikasının vətəndaşı Mfo Kqasvane pulunun oğurlandığını bildirib.
Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi hadisə ilə bağlı açıqlama yayıb. Araşdırma nəticəsində müəyyən edilib ki, həmin gün saat 17 radələrində N.Rəfibəyli küçəsində 2 azyaşlı ona yaxınlaşıb, sonradan isə o, cibindəki 15 manat və 500 ABŞ dollarının oğurlanmasını aşkar edib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakinləri olan 2 azyaşlı qız Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Qeyd edək ki, Botsvana yığmasının üzvü 25 yaşlı Mfo Kqasvane Azərbaycan Premyer Liqasında çıxış edən "Zirə" futbol klubunun hücumçusudur.