BAKI, 19 dekabr — Sputnik. Külli miqdarda dövlət vəsaitini mənisəməkdə ittiham olunan Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın əmlakına həbs qoyulub.
Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistan Xüsusi İstintaq Xidmətinin sözçüsü Marina Ohancanyan bildirib.
"Sarqsyanın əmlakına və cinayət işində adı keçən "Flash" kompaniyasının rəhbəri Barseq Beqlaryanın mülklərinə həbs qoyulması barədə qərar verilib", - Ohancanyan bildirib.
Qeyd edək ki, ötən gün Erməni KİV-inin yaydığı məlumatda qeyd olunub ki, Ermənistanın sabiq prezidenti Serj Sarqsyan Xüsusi İstintaq Xidmətində (XİX) sabiq kənd təsərrüfatı naziri Serqo Karapetyanla üzləşmə zamanı əsəbləşib və təhqiramiz ifadələrdən istifadə edib.
Bəzi məlumatlara görə, daha əvvəl sabiq nazir Sarqsyana qarşı ifadə verib ki, bu da sabiq prezidentin "dizel işi" üzrə günahlandırılan şəxs olaraq istintaqa cəld olunması üçün əsas yaradıb.
"Qraparak" nəşri yazır ki, üzləşmə zamanı sabiq nazir Sarqsyanın gözlərinə baxa bilməyib.
Belə ki, söhbət Sarqsyanın dövlət tərəfindən fermerlərə dizel yanacağı alınan zaman "Flash" şirkətinə üstünlük verilməsinə dair şəxsi tapşırığından gedir.
Sarqsyan Karapetyandan soruşub: "Serqo, sən belə bir şey demisən?" Buna cavab olaraq sabiq nazir dindar şəxs olduğunu və yalan danışa bilməyəcəyini bildirib.
Daha sonra hiddətlənən Sarqsyan bildirib: "Əgər sən dindar şəxssənsə, onda niyə mənim qanunsuz tapşırıqlarımı yerinə yetirdin və dövlətə ziyan vurdun?"
Nəşr yazır ki, bu zaman Sarqsyan təhqiramiz ifadələr də işlədib.
"Qraparak" vurğulayır ki, Karapetyan bu günlərdə digər şəxslərin də Sarqsyana qarşı ifadə verməsi üçün iş aparıb.
Qeyd edək ki, Ermənistanın sabiq prezidenti 2013-cü ildə "Fleş" şirkətinə himayədarlıq etməkdə ittiham olunur. Belə ki, şirkət daha artıq qiymət təklif (bir milyon dollar fərqlə) etməsinə baxmayaraq, dövlət tərəfindən keçirilən tenderdə qalib gəlib. Nəticədə Ermənistan hökumətinə milyonlarla dollar zərər dəyib.