BAKI, 17 dekabr — Sputnik. "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Bakıda tramvayların fəaliyyətinin bərpa olunması məsələsinə aydınlıq gətirib.
Sputnik Azərbaycan-ın məlumatına görə, C.Qurbanov YAP-da keçirilən mətbuat konfransında bildirib ki, Bakıda tramvay xətlərinin bərpa edilməsi bir az çətindir: "Vaxtında Bakıda tramvay xətlərini sökməklə şəhərə zərər vurublar. Onun yerinə xətlər tikmək bir az çətindir. Ancaq bu məsələ haqqında da düşünülür. Bakı şəhəri sıxdır. Tramvay xətləri ilə bağlı xarici şirkətlərə də müraciət etmişik, özümüz də biznes plan hazırlayırıq. Baxaq görək nə olar. Fikirləşirik ki, Biləcəridən Pirşağa tərəfə, həm də Əhmədliyə, Nasosnuya (Tağıyev qəsəbəsinə-red), Maştağa tərəfə xətlər çəkilə bilər".
Qeyd edək ki, Bakıda tramvay xətlərinin sökülməsi Hacıbala Abutalıbovun Bakı şəhər İcra Hakimiyyətinin başçısı olduğu dövrdə həyata keçirilib.