BAKI, 15 noyabr — Sputnik. Noyabrın 15-dən etibarən avtomobillərin arxa-yan şüşələrinə jalüz tipli pərdələrin vurulmasına görə qadağa qüvvəyə minir.
Sputnik Azərbaycan xəbər verir ki, "Yol Hərəkəti Haqqında" Azərbaycan Respublikası Qanununun 1 saylı Əlavəsində sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan hər hansı formada və ölçüdə örtüklər (plyonka, pərdə) çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıqlar kimi müəyyən edilib.
Bu Qanunun tələblərinə əsasən, işıq buraxma qabiliyyəti dövlət standartının tələblərinə uyğun olan, yalnız sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tətbiqinə icazə verilir.
Azərbaycan Respublikası Sandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin AZS 122-2004 saylı standartına əsasən, minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşəsinin işıqburaxma qabiliyyəti küləyə qarşı şüşələr üçün - 75%, küləyə qarşı olmayan digər şüşələr üçün - 70% hədlərdən aşağı olmamalıdır.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 342.2.4. nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir.