BAKI, 11 noyabr - Sputnik. Boliviyanın istefa vermiş prezidenti Evo Morales bildirib ki, onu həbs etmək istəyirlər.
Sputnik Azərbaycan-ın məlumatına görə, Morales polis əməkdaşlarının həbs barədə ona xəbər verdiklərini deyib. Onun sözlərinə əsasən, bir qrup şəxs eks-prezidentin evinə hücum edib.
Ölkənin Səhiyyə naziri Qavriela Montanyo da keçmiş dövlət başçısının həbs edilməli olduğunu bildirib. Lakin Boliviya Milli Polisinin şefi Yuri Kalderon eks-prezidenti və hökumət üzvlərini həbs etmək üçün müvafiq orderin olmadığını deyib.
İstefa barədə Evo Morales bu gecə bəyan edib. O, bu addımı ölkədəki vəziyyəti sakitləşdirmək üçün atdığını bildirib. Morales Boliviyadan qaçmaq fikrində olmadığını deyib.
"Şayiələr gəzir ki, Evo qaçmaq istəyir. Mənim qaçmaq üçün səbəbim yoxdur. Boliviya xalqı bilməlidir ki, mən heç nə oğurlamamışam", - eks-prezidemt bəyan edib.
Meksika isə Moralesə La-Pasdakı səfirliyin ərazisində sığınacaq təklif edib. Meksika XİN başçısı Marselo Ebrardın sözlərinə görə, artıq 20 nəfər boliviyalı deputat və məmur səfirliyin ərazisindədir.
Kuba, Venesuela, Meksika rəhbərliyi, həmçinin Argentinanın seçilmiş prezidenti Alberto Fernandes Boliviyada baş verənləri dövlət çevrilişi adlandırıblar.
Boliviyada prezidentin, vitse-prezidentin, parlamentin hər iki palatasının spikerlərinin istefalarından sonra Senatın ikinci vitse-spikeri, müxalifət nümayəndəsi Janin Anyes ölkədə ali hakimiyyətin ona keçdiyini bildirib və yeni prezident seçkiləri keçirəcəyini bəyan edib.
Boliviyada etiraz aksiyaları oktyabrın 20-də başlayıb. Hadisələr zamanı 380 nəfər xəsarət alıb. Bəzi şəhərlərdə hüquq-mühafizə orqanlarının nümayəndələri etirazçıların tərəfinə keçiblər.