BAKI, 1 noyabr — Sputnik. Sərnişinlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) və "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən birgə layihə təqdim edilib. Bu barədə Sputnik Azərbaycan-a DANX-dan məlumat verilib.
Xəbərdə bildirilir ki, artıq kənd sakinləri Bakıya səfər etmək üçün Zaqatala Beynəlxalq Avtovağzal Kompleksinə gələrək bilet əldə etməklə yanaşı, yaşadıqları ərazi üzrə ən yaxın poçt nümayəndəliyinə şəxsiyyət vəsiqəsi ilə yaxınlaşaraq bilet əldə edə biləcəklər. Şəxsiyyət vəsiqəsi təqdim edildikdən sonra Zaqatala Beynəlxalq Avtovağzal Kompleksinin operatoru ilə əlaqə saxlanaraq səfərin günü və saatı müəyyən edildikdən sonra sərnişin biletini əldə edə biləcəklər. Göstərilən xidmət "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində vətəndaşların dövlət xidmətlərindən rahat istifadəsini təmin etmək məqsədilə icra olunur.
Layihənin respublikanın digər şəhər və rayonlarında tətbiqinə dair müvafiq işlərə artıq start verilib. Layihə vahid bilet sisteminə keçid prosesinin sürətləndirilməsinə də öz töhfəsini vermiş olacaq.