BAKI, 25 oktyabr — Sputnik. Azəbaycanda ünvanlı sosial yardım sisteminin təkmilləşdirilməsi işləri aparılır. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Prezident İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirədə verilmiş tapşırıqların icrası ilə əlaqədar görüləcək işlərin müzakirəsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.
S.Babayev ümumilikdə bu proqramın aztəminatlı ailələrə daha əlçatan olmasının təmin edilməsi işlərinin aparıldığını və proqramın əhatə dairəsinin genişlənəcəyini deyib. Bildirib ki, eyni zamanda, sosial yardım təyinatının şəffaflaşdırılması və ünvanlılığının təmin edilməsi işləri aparılır: "Araşdırma və təhlillər nəticəsində nazirlik 1800 nəfərin saxta yollarla ünvanlı dövlət sosial yardımı aldığını müəyyən edib və həmin şəxslərə yönələn yardımlar dərhal dayandırılıb. Daha minədək şəxsin də saxta şəkildə sosial yardım aldığına dair şübhələr vardır ki, onlarla bağlı da eyni tədbirlər görülməklə, onlara yönələn yardımlar dayandırılacaq. Saxta yollarla sosial yardım almağa şərait yaradan, bunun üçün bilərəkdən qısa müddətli əmək müqavilələri bağlayan, yaxud əmək müqavilələrində bilərəkdən əmək haqlarını reallıqda olduğundan az göstərməklə işçilərinin böyük qisminin sosial yardıma çıxışına süni imkan yaradanlarla bağlı da hüquq mühafizə orqanlarına müraciət olunacaq".
Pensiyaçılar sevindirilə bilər, daha hamı 65 il gözləməli olmayacaq>>
Aktiv məşğulluq tədbirlərinin ildən-ilə gücləndirildiyini deyən S.Babayev bildirib ki, bu ilin 9 ayında 62 minə yaxın şəxs məşğulluq orqanları tərəfindən işlə təmin edilib: "Bununla belə, bağlanan əmək müqavilələrinin sayında məşğulluq orqanları tərəfindən işlə təmin edilənlərin payının artırılması üçün səylər gücləndirilməlidir. Özünüməşğulluq proqramı çərçivəsində bu il artıq 3500-dən çox şəxsə kiçik ailə təsərrütaflarını qurmaları üçün aktivlər verildiyini qeyd edən nazir proqramın icrasında həssas qrupların iştirak səviyyəsinin daha da artırılmalı olduğunu bildirib. "İşsizin DOSTu" proqramının bu il 38 min şəxsin ödənişli ictimai işlərlə təminatına imkan verdiyini, həmin işçi qüvvəsinin eyni zamanda, əmək bazarında rəqabət qabiliyyətli peşə bacarıqlarına yiyələnmələri üçün də məqsədyönlü işlərin aparılmasının, bununla bağlı proqramın hazırlanmasının vacibliyini diqqətə çatdırıb".