CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yırtıcılar çobanlara "divan tutub"

© AP Photo / Gerry BroomeCanavarlar, arxiv şəkli
Canavarlar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Zaqatalada canavarlar təsərrüfata hücum edib. Hadisə Zaqatala rayonunun Kəpənəkçi kəndində örüş yerindəki fermada baş verib.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 15 oktyabr — Sputnik. Zaqatalada canavarlar təsərrüfata hücum edib. Hadisə Zaqatala rayonunun Kəpənəkçi kəndində örüş yerindəki fermada baş verib. Yırtıcılar kənd sakinləri Abducəlil Abdurahmanov, Yusif İsayev və Sahib Qurbanovun birgə təsərrüfatına hücum ediblər. Yırtıcı heyvanlar ümumlikdə 160 baş heyvandan 13-nü tələf edib, təxminən 30-nu isə yaralayıb. Hadisə zamanı çobanlar yemək fasiləsində olublar. Bunu fürsət bilən canavarlar sürüyə hücum ediblər.

Zərərçəkmiş Abducəlil Abdurahmanov baş vermiş hadisəni Sputnik Azərbaycan-a danışdı: "Həmişə olduğu kimi bu dəfə də yemək fasiləsinə gəlmişdik. Qayıdanda xoş olmayan mənzərə ilə rastlaşdıq. Canavarlar bəzilərini öldürüb, bəzilərini isə yaralamışdı. Artıq yaralı heyvanlardan 5-i tələf olub. Digərləri də çox güman ki, öləcək".

"Sonra da deyirlər canavarı atmayın, "qırmızı kitab"a düşüb. Bəs biz neyləyək? Neçə illik əziyyətimiz bir neçə saatın içində məhv oldu. Hələ qış gəlməyib. Qış vaxtı bizi nələr gözləyir bir Allah bilir", - deyə çoban əlavə etdi.

Zərərçəkmişlər yaralanan heyvanların sağalmayacağından narahatdırlar. Onlar digər heyvanların da zamanla öləcəyini deyir.

Yerli kənd sakinlərinin sözlərinə görə, bu tipli hadisə nadir hallarda baş verir. Onların sözlərinə görə, canavarlar əsasən gecə qış aylarında kəndə hücum edirdi.

Hadisə ilə bağlı Baytar Nəzarət Xidmətinin əməkdaşlarına məlumat verilib. Xidmətin əməkdaşlarının nəzarəti altında tələf olmuş heyvanlar basdırılıb və yaralanmış heyvanlara lazımi dərmanlar verilib.

Xəbər lenti
0