Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 11 oktyabr - Sputnik. "Azərbaycan uzun müddət ərzində enerji sahəsində etibarlı tərəfdaş kimi özünü doğruldub. Son illər isə Avropa İttifaqı və Azərbaycan iqtisadi və sosial sahədə əməkdaşlıq edirlər".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib.
Yankauskas vurğulayıb ki, son illərdə Avropa İttifaqı Azərbaycanın 34 dövlət qurumu ilə 21 layihə həyata keçirib: "Coğrafi baxımdan tərəflərin bir-birindən uzaq olmasına baxmayaraq Azərbaycan Avropa İttifaqı layihəsinin aktiv iştirakçısıdır".
Qeyd edək ki, bu gün Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə birlikdə tərəfdaşlıq mövzusunda struktur məsləhətləşmələri keçirir. Tədbirdə Aİ Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun Bölmə rəhbəri Vasilis Maraqosun rəhbərliyi ilə Avropa Komissiyası və Avropa Xarici Fəaliyyət Xidmətinin birgə nümayəndə heyəti təmsil olunur. Azərbaycan tərəfini Parlament üzvləri, dövlət rəsmiləri, Azərbaycan Milli Elmlər Akademiyasının, ali təhsil müəssisələrinin, vətəndaş cəmiyyətinin nümayəndələri təmsil edirlər.