BAKI, 9 avqust — Sputnik. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (Rosselxoznadzor) müfəttişləri Samaranın Kurumoç hava limanında ziyanverici orqanizmlərə yoluxmuş gavalının idxalının qarşısını alıblar.
Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, meyvə Azərbaycandan göndərilib.
Aparılmış yoxlama zamanı gavalıda şərq almaqurdunun olduğu aşkar edilib. Məlumata görə, şərq almaqurdu çox təhlükəli ziyanverici tırtıldır. Bu canlı meyvələrin içərisində çoxalır və bir meyvənin içərisində eyni vaxtda bir neçə belə ziyanverici ola bilər.
Rosselxoznadzor əməkdaşları ziyanverici orqanizmlərə yoluxmuş gavalını müsadirə edərək elə hava limanındaca məhv ediblər.