BAKI, 1 avqust — Sputnik. Avqustun 2-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Mülayim şimal küləyi əsəcək. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 23-27, gündüz 30-35, Bakıda gecə 25-27, gündüz 33-35 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75, gündüz 35-40 faiz olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəldikdə isə, mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında isə, avqustun 2-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 22-27, gündüz 32-37, dağlarda gecə 15-20, gündüz 20-25 dərəcə isti təşkil edəcək.