AVRO-2020 şəhərləri: Münhen

© Sputnik / Vladimir Fedorenko / Mediabanka keçidЗдание Новой ратуши на площади Мариенплац в Мюнхене
Здание Новой ратуши на площади Мариенплац в Мюнхене - Sputnik Azərbaycan
Abunə olmaq
Səni sevən şəhərdə şnitzel ye, pivə iç, saraylarda gəz və futboldan həzz al - Bavariya paytaxtının səyahət bələdçisi

Hər il milyonlarla insan Münhenin zəngin tarixi və mədəni ənənələri ilə tanış olmaq üçün Bavariyanın bu əsas şəhərinə gəlirlər. Dar küçələrin cazibəsi, tarixi mərkəzin xarakterik arxitekturası və müasir meqapolisin inkişaf etmiş infrastrukturu Münheni Avropanın əsas turizm yerlərindən birinə çevirir.

Necə getmək olar?

Münhenin beynəlxalq hava limanı şəhər mərkəzindən təqribən 40 kilometr məsafədə yerləşir. Hava limanı şəhərə dəmir yolu və avtobus xətti ilə birləşib. Hava limanının platformasında “S-Bahn” qatarları saatda təxminən üç dəfə yola çıxırlar. Mərkəzə çatmaq üçün “S1” və ya “S8” marşrutlarından istifadə edə bilərsiniz. Səyahət müddəti təxminən 45 dəqiqə çəkəcək.

Qatar biletləri dəmir yolu kassalarında və ya xüsusi avtomatlardan əldə edilə bilər. Gəzintinin qiyməti biletin növündən asılı olacaq - tək və qrup biletləri var.

© Sputnik / Vladimir Fedorenko / Mediabanka keçidMünhendə avtobus
AVRO-2020 şəhərləri: Münhen - Sputnik Azərbaycan
Münhendə avtobus

Hava limanından Münhenin mərkəzinə avtobusla səyahət bir az qənaət etməyə imkan verəcək, lakin tıxaclar səbəbindən səyahətin bir az daha uzun çəkə biləcəyini unutmayın. Biletləri onlayn və ya sürücüdən almaq olar.

Harada yerləşmək olar?

Şəhər mərkəzində, xüsusən də Avropa çempionatı keçirilən zaman ucuz otel tapacağınıza ümid etməyin. Təcrübəli səyahətçilər şəxsi pansionlara diqqət yetirməyi məsləhət görürlər. Bu pansionlarda yaşayış baha başa gəlməyəcək.

Başqa bir populyar seçim mərkəzdən aralıda yerləşən hostellər və ya ucuz otellərdir. Münhenin nəqliyyat şəbəkəsi kifayət qədər yüksək səviyyədə inkişaf edib, buna görə də hətta uzaq rayonlardan lazımi məntəqəyə çatmaq çətin olmayacaq.

© Sputnik / Vladimir Fedorenko / Mediabanka keçidMünhenin mərkəzi
AVRO-2020 şəhərləri: Münhen - Sputnik Azərbaycan
Münhenin mərkəzi

İctimai nəqliyyat avtobuslar, tramvaylar, şəhər qatarları və metro ilə təmsil olunur. Biletlərin qiyməti səfər məntəqəsindən asılı olaraq dəyişir; Münhendə dörd belə məntəqə var. Biletlərin etibarlılıq müddətinə görə məhdudiyyətlər var, buna görə də şəhər ətrafında aktiv hərəkət edərkən “Bayern Ticket” (Bavariya bileti) almaq daha sərfəlidir. Belə bir biletin olması gün boyu ictimai nəqliyyatdan istifadə etməyə imkan verir (təkcə Münhendə deyil, bütün Bavariyada). Eyni zamanda bu bilet bəzi görməli yerləri, məsələn Münhen zooparkını ziyarət edərkən endirim verir.

Nəyi görmək lazımdır?

“Münhen sizi sevir”. Bavariya paytaxtının müasir şüarı belə səslənir. Şəhər öz sakinlərinin qonaqpərvərliyi və dünyanın hər yerindən qonaqları cəlb edən çoxsaylı bayramları ilə məşhurdur.

Ən məşhur görməli yerlər Münhenin tarixi mərkəzi olan Qədim Şəhərdə cəmləşib. Şəhərin bu hissəsi ilə  tanışlığı “Marienplatz” meydanından başlamaq daha yaxşıdır. Meydanın şimal hissəsində neo-qotik memarlığının heyranedici nümunəsi olan Yeni bələdiyyə binası yerləşir. Onun qülləsində Qlokenşpil saatı var. Saat gündə üç dəfə XVI əsrdə Hersoq V Vilhelmin toyunun şərəfinə meydanda baş vermiş hadisələri 10 dəqiqəlik səhnələrdə nümayiş etdirir.

© Sputnik / Vladimir Fedorenko / Mediabanka keçid“Marienplatz” - Münhenin mərkəzi meydanı
AVRO-2020 şəhərləri: Münhen - Sputnik Azərbaycan
“Marienplatz” - Münhenin mərkəzi meydanı

Yeni bələdiyyə binasının əsas qülləsi ictimaiyyət üçün açıqdır və lift ilə təchiz olunub. Liftlə müşahidə göyərtəsinə qalxıb bütün şəhər mərkəzinə baxa və hətta üfüqdə Alp dağlarını da görə bilərsiniz. Yeri gəlmişkən, Yeni bələdiyyə binası təyin olunmuş məqsəd üçün istifadə olunur - şəhər rəhbərliyi burada oturur.

Yaxınlıqda sanki “Walt Disney” cizgi filmlərindən “Marienplatz”a köçürülmüş nağıl qalasına bənzər köhnə şəhər bələdiyyəsi binası yerləşir. Münhen şəhər meriyası burada XIX əsrin sonlarına qədər fəaliyyət göstərib. Qədim binanın boş qalmaması üçün içəridə oyuncaq muzeyi təşkil olunub.

“Marienplatz”da başqa bir möhtəşəm bina Müqəddəs Pyotr kilsəsidir. Bu Münhendə ən qədim məbəddir. Kilsənin tarixi XI əsrdə başlayır. Bina bir neçə dəfə yenidən qurulub və onun İkinci Dünya Müharibəsindən sonra bərpası 2000-ci ilə qədər davam edib.

Köhnə şəhərin dolambac küçələrində çox sayda memarlıq və tarixi abidələr tapa bilərsiniz. Burada bir neçə muzey var. Althaymer Ek küçəsindəki evlərdən birinin divarında isə böyük bəstəkar Rixard Ştrausun şərəfinə xatirə lövhəsi yerləşdirilib.

© Sputnik / Vladimir Fedorenko / Mediabanka keçidMünhenin Odeonsplats meydanında kral I Lüdviqin at üzərində heykəli
AVRO-2020 şəhərləri: Münhen - Sputnik Azərbaycan
Münhenin Odeonsplats meydanında kral I Lüdviqin at üzərində heykəli

Qonşu kvartalda Renessans üslubunda tikilmiş Müqəddəs Mixail kilsəsi və onun yanında Münhenin ən hündür kilsəsi olan, əsası XV əsrdə qoyulmuş qotik üslublu Frauenkirxe ucalır. Kilsənin hündürlüyü 99 metrdir. İçəridə isə “şeytanın izi” saxlanılır. Rəvayətə görə, kilsəni layihələndirən memar şeytanla saziş bağlayıbmış.

Köhnə şəhərin digər məşhur görməli yerləri arasında nasizmin əleyhdarı Rupert Mayerin məzarının yerləşdiyi Burgerzal kilsəsini, XVI-XIX əsrlərə məxsus “Rezidenz” adlı inzibati binalar sistemini, Bavariya dövlət operasını, “Rezidenz Teatrı”nı və XVI əsr sikkəxanasını göstərmək olar.

Köhnə şəhərin şərq tərəfində isə İzar çayı axır. İzarın kölgəli bulvarında isti havalarda gəzişmək çox xoşdur. İzarın qarşı sahilində yaşıl “Maksimilianzanlagen” parkı, onun dərinliklərində isə Bavariya Parlamentinin binası yerləşir.

Çayın aşağı sahilində “Sülh mələyi” abidəsi qoyulub. Abidə 38 metrlik sütun və onun üzərində duran qədim yunan ilahəsi Nikanın qızıl suyuna salınmış fiqurundan ibarətdir. “Sülh mələyi”nin yerləşdiyi terrasın təməlində isə fəvvarə var.

Burada yenidən çayı keçib münhenlilərin ən sevimli istirahət yeri olan geniş “İngilis bağçası”na gələ bilərsiniz. Bu, dünyanın ən böyük şəhər parklarından biridir; burada pivə içmək, günəş vannası qəbul etmək, suyun şırıltısından və şəlalələrin səsindən ləzzət alaraq kölgədə gəzişmək olar.

© Sputnik / Vladimir Fedorenko / Mediabanka keçidMünhendə Hofqarten parkı
AVRO-2020 şəhərləri: Münhen - Sputnik Azərbaycan
Münhendə Hofqarten parkı

Köhnə şəhərin yaxınlığındakı adaları da ziyarət etməyə dəyər. Çayın yuxarı sahildə yerləşən Muzey adasında ekspozisiyası tamamilə elm və texnologiyaya həsr olunmuş “Alman muzeyi” var. Qonşu Prater adasında isə İzar sahillərində ucalan mənzərəli Müqəddəs Luka kilsəsi yerləşir.

Bavariyanın paytaxtında təxminən 50 muzey var və ən populyarlarından biri Kulmbax pivə muzeyidir. Buraya gələnlərə pivə istehsalının tarixi izah ediləcək, onun bəzi sirləri açılacaq və əldə edilmiş bilikləri praktiki olaraq tətbiq etməyə imkan yaradılacaq. Bavariyada öz əlinizlə hazırladığınız pivəni dadmaq əla fikirdir və bu dostlara danışmaq üçün gözəl bir hekayə olacaq!

Münhenin əsas mədəniyyət mərkəzlərindən biri “Kunstareal” adlanan muzey məhəlləsidir ki, burada 3 pinakotekadan, yəni dünyaca məşhur rəsm qalereyaları və incəsənət muzeylərindən ibarət kompleks yerləşir. Burada müxtəlif dövrlərin - orta əsrlərdən bu günümüzə qədər ustalarının əsərləri toplanıb.

Yaxınlıqda Misir, geologiya və paleontologiya muzeyləri, Qliptoteka, Antik dövlət məclisi və Antik heykəl surətlərinin muzeyləri yerləşir. Elə buradaca, Kral Meydanında qədim yunan məbədinin portalının bir nüsxəsi quraşdırılıb.

“Kunstareal”dan qərbdə Avropadakı ən gözəl saray komplekslərindən biri hesab edilən Nimfenburq yerləşir. Bu saray kompleksi XVII əsrin ikinci yarısında Bavariyanın hakim knyaz sülaləsi Vittelsbaxlar üçün inşa edilib. Kompleksin yaradıcıları Fransadakı Versal sarayından ilhamlanaraq onun Münhendə surətini inşa etmək istəyiblər.

© Sputnik / Vladimir Fedorenko / Mediabanka keçidMünhenin Odeonsplats meydanında “Sərkərdələr qalereyası”nın binası
AVRO-2020 şəhərləri: Münhen - Sputnik Azərbaycan
Münhenin Odeonsplats meydanında “Sərkərdələr qalereyası”nın binası

Məşhur “Olympiastadion” arenası və 290 metrlik qülləsi olan Olimpiya Parkı şəhərin səs-küyündən istirahət üçün əla bir yer olacaq. Burada göl boyunca gəzə, okeanariuma və ya pivə bağçasına baş çəkə bilərsiniz. Olimpiya kəndinin qarşısında isə BMW konserninin qərargahı və muzeyi yerləşir. 

Münhen zooparkı həm uşaqlar, həm də böyüklər üçün maraqlı olacaq. Heyvanlar burada mümkün qədər təbii şəraitdə saxlanılırlar. Bu, Avropanın ən böyük zooparklarından biridir, buna görə də orada gəzmək üçün çox vaxt sərf edəcəksiniz. İçəridə ucuz kafelər və istirahət yerləri var.

Nəyi dadmaq olar?

Münhen mətbəxinin vizit kartı pivə və sosisdir. Kiçik kolbasaların və onların əsasında hazırlanan yeməklərin sayı çoxdur. Hər kəs öz zövqünə uyğun bir təam tapacaq. Digər bir ənənəvi yerli yemək bişmiş kələm və kartof knödel ilə süfrəyə verilən donuz ətidir.

Bavariyada ət bişirməyi sevirlər və bacarırlar. Yerli müəssisələr qonaqlarına donuz qabırğası, şnitzel, mal əti ruleti, vəhşi heyvanların qovrulmuş ətini, müxtəlif yollarla bişmiş quş ətini təklif edirlər. Bütün bunlarla qarnir olaraq ənənəvi kələm, qaynadılmış kartof və ya təzə tərəvəz salatları süfrəyə verilir.

© Sputnik / Aleksey Vitvitskiy / Mediabanka keçidMünhendə ənənəvi Oktoberfest pivə festivalının açılışına gələn qonaqlar
AVRO-2020 şəhərləri: Münhen - Sputnik Azərbaycan
Münhendə ənənəvi Oktoberfest pivə festivalının açılışına gələn qonaqlar

Münhendə birinci yeməklər elə də populyar deyil, lakin qaraciyər küftələri ilə verilən orijinal bulyonu və ya solyankaya oxşayan şorbanı dada bilərsiniz. “Eintopf” adlandırılan şorba çox qatı və yağlı olduğundan tam bir yeməyi əvəz edə bilər.

Bavariya krendelləri, meyvəli piroqları, pryanikləri və əlbəttə ki, ştrudeli ilə məşhurdur. Daha az tanınan, lakin kifayət qədər dadlı olan desertlərdən, meyvə püresi və ya şokolad ilə verilən “Bavariya kremi”ni, eləcə də mürəbbə, şokolad və ya vanil sousu ilə təqdim olunan kayzerşmarrn imperator omletini dada bilərsiniz.

Futbol

Şəhərin ilk futbol komandası əsası 1860-cı ildə qoyulmuş “1860 Münhen” klubu olub. Komanda özünün ilk və yeganə Almaniya çempionu titulunu yaranandan 106 il sonra qazanıb, lakin 40 yaş kiçik olan “Bavariya” klubu 28 dəfə ölkənin ən yaxşı komandası olub. Şəhərin əsas komandasında Herd Müller, Frans Bekenbauer, Karl-Hayns Rummenige kimi ulduzlar oynayıb.

“Bavariya”nın ev arenasında AVRO-2020-nin oyunları keçiriləcək. Burada qrup mərhələsinin üç oyunu və dörddəbir final görüşü baş tutacaq.

© Sputnik / Aleksey Filippov / Mediabanka keçid“Bavariya”nın ev arenası
AVRO-2020 şəhərləri: Münhen - Sputnik Azərbaycan
“Bavariya”nın ev arenası
Xəbər lenti
0