BAKI, 31 iyul — Sputnik. Vaşinqton Moskva ilə silahlara nəzarətə dair razılaşmanı imzalamağa ümid edir. Sputnik Azərbaycan xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "C-Span" telekanalına verdiyi müsahibəsində bəyan edib.
"Düşünürəm ki, Rusiya ilə silahlara nəzarətə dair razılaşmanı imzalayacağıq", - Tramp deyib.
Qüsurlu sistem
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton isə 2021-ci ildə qüvvədən düşəcək strateji hücum silahlarının azaldılmasına dair müqavilənin müddətinin ("SHS-3") uzadılacağını şübhə altına alıb.
"Müqaviləmiz var deyəcəyik deyə qüsurlu bir sistemin müddətini uzatmaq nəyə lazımdır?" – Bolton deyib.
O təsdiqləyib ki, ABŞ bu sahədə yeni saziş imzalamaq və sazişdə Rusiya ilə yanaşı, Çinin də iştirak etməsini istəyir.
"SHS-3"
"SHS-3" adı ilə tanınmış strateji hücum silahlarının azaldılmasına dair müqavilə 2010-cu ildə Rusiya və ABŞ tərəfindən imzalanıb. Saziş hər iki tərəfdən strateji silah daşıyıcılarının sayının 700-dək və nüvə döyüş başlıqlarının sayının 1550-dək azaldılmasını tələb edir.
ABŞ hələ ki sənədin qüvvədə olma müddətini uzatmaq istəyib-istəmədiyini rəsmi olaraq bildirməyib.
Rusiya Prezidenti Vladimir Putin isə öz növbəsində deyib ki, "əgər heç kəs bunu istəməsə", Moskva "SHS-3" üzrə müqavilənin müddətini uzatmayacaq.