BAKI, 31 iyul — Sputnik. ABŞ-ın Cənubi Karolina ştatında Çeyser ləqəbli "dünyanın ən ağıllı" iti 16 yaşında dünyasını dəyişib.
Sputnik Azərbaycan "Independent" nəşrinə istinadən xəbər verir ki, border-kolli cinsindən olan it zəngin "söz ehtiyatı"na görə məşhurlaşıb.
İtin sahibi Con Pilli onu 2004-cü ildə alıb. Pilli üç il müddətində hər gün 4-5 saat olmaqla itin "söz ehtiyat"ını zənginləşdirməklə məşğul olub. Belə ki, o, Çeyserə hər hansı bir əşyanı göstərərək təqribən 40 dəfə dalbadal onun adını ucadan deyib, sonra isə həmin əşyanı gizlədərək itdən onu tapmasını istəyib.
Təlim prosesində itin sahibi 800 ədəd parça oyuncaqdan, 116 topdan, 26 frisbi diskindən və çoxsaylı plastik əşyalardan istifadə edib. Nəticədə it 1022 əşyanı ayırd etməyi öyrənib. Buna görə də media Çeyseri dünyanın ən ağıllı iti adlandırıb.
İtin sahibi Con Pilli keçən il 89 yaşında vəfat edib. Bundan sonra Çeyserin qayğısına onun qızı qalıb.