BAKI, 26 iyul — Sputnik. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2019-cu ilin "Milli Kino Mükafatı" sahiblərinin adını açıqlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, qurumun ən böyük mükafatı Azərbaycan və sovet kinematoqrafiyasına verdiyi töhfələrə görə Xalq artisti, kinodramaturq Ramiz Fətəliyevə verilib.
Həmçinin 75 illik yubileyi və milli kinonun inkişafına verdiyi töhfələrə görə Xalq artisti, kinodramaturq Mahmudov Əbduləhəd Əlisa oğlu (Şeyx Əbdül) bu mükafata layiq görülüb.
Mükafatlar 2 avqust - Milli Kino Günündə Nizami Kino Mərkəzində sahiblərinə təqdim olunacaq.
Qeyd edək ki, Azərbaycan kinosunun bu il 121 yaşı tamam olur. 1898-ci ildə fotoqraf Mişon Bakıda "Balaxanıda neft fontanı" və "Bibiheybət neft mədənində yanğın" adlı xronikal süjetləri lentə almaqla milli kinomatoqrafiyamızın əsasını qoyub. 2001-ci ildən Prezident Heydər Əliyevin sərəncamı ilə 2 avqust Azərbaycan Milli Kino Günü kimi rəsmiləşdirilib.