BAKI, 25 iyul — Sputnik. Məşhur niderlandlı aktyor Rutger Hauer 75 yaşında dünyasını dəyişib. Sputnik Azərbaycan "Variety" nəşrinə istinadən xəbər verir ki, Hauerin ölümü barədə məlumatı onun təmsilçisi Stiv Kenis yayıb.
Aktyor iyulun 19-da qısa sürən xəstəlikdən sonra Niderlandda dünyasını dəyişib. Onun çərşənbə günü dəfn olunduğu bildirilir.
Rutger Hauer britaniyalı rejissor Ridli Skotun 1982-ci ildə ekranlara çıxmış "Ülgüc üzərində qaçan" (Blade Runner) filmindəki rolundan sonra məşhurluq qazanıb. O, bu filmdə Harrison Fordun tərəf-müqabili olub.
Hauer, həmçinin "Əcdadların Harayı" (The Call of the Wild), "Kor Qəzəb" (Blind Fury), "Yol Yoldaşı" (The Hitcher) filmlərində, eləcə də "Onuncu Krallıq" (The 10th Kingdom) və "Merlin" seriallarında rol alıb.
Aktyor "Sobibordan Qaçış" (Escape from Sobibor) filmindəki roluna görə 1988-ci ildə "Qızıl Qlobus" mükafatına layiq görülüb.