BAKI, 19 iyul — Sputnik. Xəbər verdiyimiz kimi, şəhərin mərkəzi küçəsi olan, el arasında "Torqovı" kimi tanınan Nizami küçəsində polisin ciddi nəzarəti mövcuddur.
Sputnik Azərbaycan xəbər verir ki, bəzi kütləvi informasiya vasitələrində əsası olmayan məlumatlar yer alır. Belə ki, məlumata görə, ötən gün polis əməkdaşları gecə saatlarında şəhərin mərkəzində hərəkət edən qadını saxlayıblar. Onlar qadından gecənin bu saatlarında niyə burada gəzdiyini və onu polis bölməsinə aparacaqları ilə hədələyiblər. Qadının isə cavabı sonda polislərin üzr istəməsi və onu sərbəst buraxması ilə nəticələnib. Qadın jurnalist olduğunu və gəzmək üçün şəhərə çıxdığını bildirib. Bundan sonra o sərbəst buraxılıb.
Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, məlumat araşdırılıb. Ərazidə xidmət aparan əməkdaşlardan soruşulub. Sözügedən ərazidə bu günlərdə özünü jurnalist kimi təqdim edən qadına rast gəlinməyib: "Hər dəfə tövsiyə edirik ki, məlumatı əldə edərkən, onu hazırlayarkən dəqiqləşdirilmə aparılsın. Əməl olunmadıqa qeyri-ciddilik yaranır".