CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zolaqlı qatil - Təhlükəsini bilsək də, nəfsimizin yiyəsi deyilik

© AFP 2024 / AREF KARIMIQarpız satan adam, arxiv şəkli
Qarpız satan adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qarpızın iyulun sonunda, avqustun əvvəlində yeyilməsi məsləhətdir

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 5 iyul — Sputnik. Qarpız isti havaların ən sevimli məhsullarından sayılır. Ona görə də, bazarda qarpız çıxan kimi çoxumuz bu bostan məhsulundan alıb dadmaq istəyirik. Amma qida mütəxəssislərinin belə bir məşhur deyimi var: "Hər məhsulu mövsümündə yemək sağlam qidalanmanın əsas tələbidir!" Qarpızın təbii yetişmə dövrü avqust ayı olsa da, bazarlarda, marketlərdə hələ aprel ayından etibarən bu məhsul satışa çıxarılıb. İndi isə qarpızın bazar və marketlərlə yanaşı yol kənarlarında da satışına rast gəlmək mümkündür. Sputnik Azərbaycan faraş qarpız yeməyin fəsadlarını araşdırıb.

Astarada sitrus bağları - Sputnik Azərbaycan
FOTO
Cənub bölgəsində meyvə yığımından maraqlı fotolar

Qarpızla bağlı araşdırmamıza elə bazardan yolumuzu salmaqla başlayırıq. Paytaxtın məşhur bazarlarından olan "Nəsimi" bazarında satıcı Tərgül Səmədova qarpızı aprel ayından satmağa başladığını deyir. Onun sözlərinə görə, aprel ayında satdıqları qarpız ölkəyə əsasən İrandan gətirilsə də, hazırda satışda olan qarpızlar yerli məhsuldur: "Biz satdığımız qarpızı Sabirabaddan alıb gətirmişik. 100 faiz əmin edə bilmərik ki, bostan qarpızıdır. İndi hər kəs bilir ki, bostan qarpızının vaxtı deyil. İstixanalarda yetişdirilsə də, indi qarpız yemək elə də təhlükəli deyil. Biz gündə 50-60 kiloqram qarpız satırıq. Hələlik gəlib şikayət edən olmayıb".

Qeyd edək ki, hazırda bazarda qarpızın qiymətində əvvəlki ayla müqayisədə ucuzlaşma var. Hazırda satışda qarpızın bir kiloqramının qiyməti 40-50 qəpik arasında dəyişir. Satıcılar məhsul bollaşdıqca bazarda qarpızın qiymətinin daha da aşağı düşəcəyini söylədilər. Onların təbirincə desək, qiymətlər bostan qarpızı yetişdikdən sonra baş verəcək.

Deməli hazırda satışda olan qarpızlar faraş qarpızlar sayılır. Bəs görəsən satışa çıxarılan qarpızların tərkibi yoxlanılırmı? Ümumiyyətlə, qarpız aldıqda nələrə diqqət yetirməliyik ki, ürəyimizi sərinlətmək üçün alıb yediyimiz bu bostan məhsulu zəhərlənməmizə səbəb olmasın?

AQTA-nın monitorinqi - Sputnik Azərbaycan
AQTA monitorinqlərin nəticələrini açıqlayıb

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan (AQTİ) Sputnik Azərbaycan-ın sorğusuna verilən cavabda bildirilir ki, bu il üçün AQTİ-nin müvafiq laboratoriyalarına daxil olmuş qarpız və yemiş nümunələrində nitratın normadan artıq çıxması faktına rast gəlinməyib. O ki qaldı qarpızdan zəhərlənmə təhlükəsinə, AQTİ-nin mütəxəssisləri tövsiyyə edir ki, günəş altında və yol kənarlarında satılan qarpızları almamaq məsləhət görülür: "Həmçinin kəsilmiş doğranmış olan qarpızlar alınmamalıdır. Kəsilən qarpızlarların üzərində olan və ya ətrafda olan patogenlər yarım saat ərzində qarpızın daxilinə keçərək çoxalmağa başlayır və zəhərlənməyə səbəb ola bilir. Qarpız evdə su ilə təmiz yuyulmalı və təmiz bıçaq vasitəsilə kəsilməlidir. Kəsildiyi gün istehlak olunması daha məqsədəuyğundur. Soyuducuda saxladıqda onun tələb olunan rejimdə saxlanılmasına əməl edilməlidir. Kəsilmiş qarpızlar növbəti günə qaldıqda isə mütləq şəkildə kəsilən hissələrin üst səthi nazik qat şəkilində kəsilib çıxarılmalıdır. Zərərli maddələr əsasən qabığa yaxın hissələrdə toplandığı üçün mərkəzi hissələrinin yeyilməsi məsləhət görülür. Həmçinin orta ölçülü qarpızların seçilməsi məsləhətdir. Qarpızın qabığında açıq sarımtıl-yaşıl və tünd yaşıl rəngdə olan zolaqlar demək olar ki, bərabər həcmdə olmalı və kəskin sərhədlərlə ayrılmalıdır. Bu qarpızın tam yetişdiyinin əlamətidir. Üzərində görünən sarı ləkələr onun torpağa dəydiyi yerlərdir. Yetişmiş qarpızlar hər zaman sarı, krem rəngi və ya narıncı-sarı ləkələrə sahib olur. Əl ilə hər tərəfli sıxdıqda bərk olmalıdır. Saplağı yaşıl rəng olan qarpızlar hələ tam yetişmədiyini göstərir. Saplaqlar qurumuş və rəngini dəyişmiş olmalıdır".

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov - Sputnik Azərbaycan
Ekspert qida təhlükəsizliyi sahəsində vəziyyətdən danışır

AQTA İnformasiya təminatı və innovativ həllər şöbəsindən Sputnik Azərbaycan-ın sorğusuna verilən cavab isə belədir: "Ölkəmizdə yetişdirilən meyvə və tərəvəzlərin üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir. Bu tarladan süfrəyə prinsipi əsasında aparılır. Yetişdirilmə dövründə mütəmadi olaraq məhsullardan nümunələr götürülərək yoxlanılması üçün laboratoriyaya təqdim edilir. Zərərvericilərlə yoluxma halı aşkar edildikdə məhsulun istifadəsinə icazə verilmir və zərərsizləşdirmə tədbirləri həyata keçirilir. Ölkəmizə idxal olunan meyvə və tərəvəzlərə qida təhlükəsizliyi nəzarəti gömrük məntəqələrində fəaliyyət göstərən Agentlik əməkdaşları tərəfindən həyata keçirilir. İdxal olunan məhsullardan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin yoxlanması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunur. Keyfiyyət və təhlükəsizlik göstəriciləri (sirayətlənmə halı, pestisid qalığı, ağır metallar, nitratın qalıq miqdarı) uyğun olmayan məhsulların ölkəyə idxalına icazə verilmir və müvafiq tədbirlər görülür. Qida Təhlükəsizliyi Agentliyi respublikamızın bütün regionları üzrə bitkiçilik məhsullarının yetişdirildiyi sahələrdə mütəmadi olaraq fitosanitar müşahidələr həyata keçirir. Bu bostan məhsulu olan qarpıza da aiddir".

AQTA-dan bildirilir ki, iyun ayrı üzrə qida zəhərlənmələri ilə bağlı Agentliyə 33 müraciət daxil olub, onlardan yalnız 12-si öz təsdiqini tapıb. Qida zəhərlənmələrinin ayrı-ayrılıqda statistikası aparılmadığından, bu hadisələrin neçəsinin qarpızdan zəhərlənmə olduğu məlum deyil.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Prezident qida təhlükəsizliyi ilə bağlı mühüm qərar qəbul etdi

Kliniki Tibbi Mərkəzin İkinci Yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva isə deyir ki, indiyədək qarpızdan zəhərlənmə diaqnozu ilə şöbəyə bir müraciət daxil olub. Həmsöhbətimiz deyir ki, faraş qarpızı yemək tövsiyyə edilmir: "Hər bir insanın qidalanma mədəniyyəti olmalıdır. Bilməlidirlər ki, meyvə-tərəvəz yetişdiyi dövrdə yeyilməlidir. Məsələn, qarpızın iyulun sonunda, avqustun əvvəlində yeyilməsi məsləhətdir. Çünki, vaxtından tez bazara çıxardılan əksər meyvə-tərəvəz, bostan bitkiləri gübrələrlə yetişdirilir. Bu da zəhərlənmə təhlükəsini artırır".

G. Babayevanın sözlərinə görə, faraş qarpız yemək xroniki xətəlikləri olan insanlar üçün riskdir. Şöbə müdirinin dediyinə görə, qarpızdan zəhərlənmə ürəkbulanma əlaməti ilə özünü biruzə verir: "Qeyd edim ki, bir ailədən 3-4 nəfər eyni qidadan yeyibsə, 6-24 bəzən 48 saata qədər zəhərlənmə əlaməti özünü biruzə verirsə, bu qəbul edilən qidadan zəhərlənmə kimi qiymətləndirilir. Ürəkbulanma qidanın qəbul edildiyi 30-cu dəqiqədən başlayaraq 2 saatdan 24 saata qədər özünü biruzə verə bilər. Ona görə də, bu aylarda qarpız yemək ümumiyyətlə məsləhət deyil. Yol kənarında, uzun müddət günün altında qalan qarpızları almaq isə daha təhlükəlidir. Çalışmaq lazımdır ki, aldıqda kiçik ölçülü qarpızlara üstünlük verilsin!".

Tibb elmləri doktoru Adil Qeybulla isə deyir ki, faraş qarpızlar süni iqlim şəraitində yetişdirilir: "Ona görə də, süni iqlim şəraitində yetişdirilən qarpızlardan ehtiyatlı olmalıyıq. Mövsümə uyğun olmayan meyvənin yeyilməsi insan orqanizmi üçün də müəyyən fəsadlar yarada bilər. 

Застолье, фото из архива - Sputnik Azərbaycan
İslam Respublikasında spirtli içkidən kütləvi zəhərlənmə
Süni iqlim şəraitində tez yetişdirilən meyvələr gübrəli ola, onların tərkibində müxtəlif inqridentlər qala bilər. 1 kq qarpızda nitratın miqdarı normada 60 mq/kiloqramdır. Yemişdə isə 90 mq/kq-ya qədərdirsə, bu norma sayılır. Belə ağır metal duzlar insan orqanizminə çökməklə limfa hüceyrələri və başqa sistemlərdə ağır xroniki xəstəliklərə səbəb olur. Sonradan da onkoloji transformasiyalara şərait yaradır. Ona görə onkoloji xəstəliklərin artma tendensiyası da təsadüfi deyil. Nəzərə almaq lazımdır ki, mövsümə uyğun olmayan meyvə və bostan məhsullarının indidən satılması korporativ maraqların nəticəsidir. Vaxtından əvvəl yetişdirilən, mövsümə uyğun olmayan məhsullara dünyanın əksər ölkələrində rast gəlmək olar. İnsanlar çalışmalıdır ki, ölkəmizdə yetişən meyvələrdən ancaq zamanında istifadə etsinlər. Bu istiqamətdə təbliğata da ciddi ehtiyac var".

Sabirabadda uzun müddətdir ki, bostan məhsulları əkini ilə məşğul olan Esmira Nuriyeva isə bazara vaxtından tez çıxarılan qarpızlara "selitra" adlı gübrənin vurulduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, işbazlar "selitra"nı bostan bitkiləri əkiləcək ərazilərə səpirlər ki, yayda qarpızı bazara hamıdan əvvəl çıxarsınlar: "Torpaqdakı mineral maddələri öldürən selitra isə məhsulu süni şəkildə böyüdür. Belə gübrələrlə böyümüş qarpızlar daha çox çəkiyə malik olur. Bu səbəbdən də böyük qarpızları almaq məsləhət görülmür. Çünki, belə qarpızların tərkibində "selitra"nın miqdarı daha çox olduğundan, zəhərlənmə ehtimalı da böyükdür".

Təcili tibbi yardım maşını - Sputnik Azərbaycan
Türkiyədə zəhərlənmə ilə bağlı 300 nəfər xəstəxanalara müraciət edib

Azərbaycanda qarpızın ən çox yetişdirildiyi rayonun sakini təbii şəkildə böyümüş qarpızın qabığının qalınlığının üç millimetrdən yuxarı, çəkisinin isə 5-6 kiloqram olduğunu söyləyir. Onun sözlərinə görə, "selitra" ilə böyümüş qarpızın çəkisinin və qabığının qalınlığının bu ölçülərdən fərqli olmaqla yanaşı, onun dadı da çox şirin olur. Həmsöhbətimiz deyir ki, "selitra" ilə yetişdirilmiş qarpızları kəsən zaman onların iç hissəsində bitki kökünə oxşar ağ uzun xətlər olur. E.Nuriyevanın sözlərinə görə, belə qarpızları yeməkdən çəkinmək lazımdır. Rayon sakini deyir ki, hər qarpız cərgəsinə normaya görə 1-2 kiloqram arası selitra vurmaq düzgün olduğu halda, bəzən fermerlər torpaq "ac" olduqda hər cərgəyə 3-4 kiloqram selitra vururlar: "Sovet dövründə bizə hər cərgəyə maksimum 2 kiloqram selitra vurmağa icazə verilirdi".

Xəbər lenti
0