Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 5 iyul - Sputnik. "Mən çox şadam ki, Vaşinqton görüşün davamı olaraq münaqişə tərəflərinin bəzi əsirlərləri dəyişdilər".
Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı yeni səfiri Erl Litzenberger deyib.
"ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi biz Qarabağ münaqişəsinin nizamlanması prosesi çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə ev sahibliyi etməyə görə məmnun idik. Mən çox şadam ki, Vaşinqton görüşün davamı olaraq münaqişə tərəflərinin bəzi girovları dəyişdilər. Bu cür qarşılıqlı kiçik addım və tədbirlər hazırda qalmaqda olan mövcud çətin problemləri dəf etməyə və Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün lazım olan etimadı yaratmağa kömək edir", - deyə Litzenberger qeyd edib.
Səfir qeyd edib ki, rəsmi Vaşinqton tərəflərin bu cür addımlarını dəstəkləyir.
Qeyd edək ki, iyulun 20-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə aparılmış danışıqlar nəticəsində əldə edilmiş razılığa əsasən, 16 mart 2019-cu il tarixdə Ermənistan hərbçiləri tərəfindən girov götürülən Azərbaycan vətəndaşı, Qazax rayonu, Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu və 20 iyun 2017-ci il tarixdə Qazax rayonu ərazisində saxlanılmış Ermənistan Respublikasının vətəndaşı, 06.11.1974-cü il təvəllüdlü Karapetyan Zaven Avanesoviç 28 iyun 2019-cu il tarixdə müvafiq olaraq tərəflərə təhvil veriliblər.