BAKI, 3 iyul — Sputnik. Rusiya polisi Sverdlovsk vilayətində mobil rabitə operatorunun qülləsini yandırmağa çalışan qadına qarşı cinayət işi açıb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, qadın mobil rabitə operatorunun qülləsinin onun səhhətinə pis təsir etdiyini güman edərək qurğunu yandırmağa çalışıb.
İnsident mayın 19-dan 20-nə keçən gecə baş verib. Xəbər verilir ki, yerli operatorlardan birinin Kalya qəsəbəsində yerləşən qüllədə detektorlar işə düşüb. Hadisə yerinə gələn polis əməkdaşları naqilləri yandırmağa çalışan qadını görüblər. Polislər, həmçinin qadının üzərində kibritlər, fənər və bibər qazı balonu aşkar ediblər.
Qadının hadisədən bir ay əvvəl internetdə mobil rabitə qüllələrinin insan sağlamlığına mənfi təsiri haqqında videoya baxdığı bildirilir. O, naxoşluğunu və yuxusuzluğunu belə bir qüllələrdən birinin onun evinin yaxınlığında olması ilə əlaqələndirib.
Hərəkətinə görə qadın 5 ilə qədər azadlıqdan məhrum oluna bilər.