Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 13 iyun — Sputnik. "Azərbaycan Aİ üçün əsas partnyorlardan biridir. Xüsusilə də iqtisadi və ticarət baxımından. Bu forum Aİ ilə Azərbaycan arasında intensivləşən və inkişaf edən əlaqələrə bir nümunədir".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının (Aİ) komissarı Yohannes Han jurnalistlərə açıqlamasında deyib.
Han qeyd edib ki, Avropa İttifaqı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətlərindəki səylərini dəstəkləmək istəyir: "Hesab edirəm ki, Azərbaycan bu istiqamətdə düzgün yol seçib. Nümunə üçün ötən il Azərbaycanda İKT sektoru 9 faiz artım göstərib. Biz hansı sahədə mümkündürsə, orada göstərilən səyləri dəstəkləməyə hazırıq.
Ona görə nikbinəm və ümid edirəm ki, Aİ ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlığa dair saziş tez biz zamanda imzalanacaq. Bu, yetərincə iddialı sazişdir və hər iki tərəf bunun ərsəyə gəlməsini istəyir. Hər iki tərəf arasında əməkdaşlıq potensialı onu göstərir ki, biz bu imkanları şirkətlərimizə təmin edə bilərik. Bu saziş Aİ-nin əsas prioritetlərindən biridir. Bu Aİ və Azərbaycan arasında intensivləşən əməkdaşlığın növbəti sübutu olacaq".
Qeyd edək ki, bu gün Bakıda Avropa İttifaqı - Azərbaycan biznes forumu işə başlayıb. Avropa Qonşuluq Siyasəti və Genişlənmə ətrafında Danışıqlar üzrə Avropa İttifaqının Komissarı Yohannes Han da Aİ-Azərbaycan Biznes Forumunda iştirak etmək üçün Bakıya gəlib.