Sputnik Azərbaycan, Zülfiyyə Quluyeva
BAKI, 10 iyun — Sputnik. Bakının Sabunçu rayonunda oğurlanan 3 yaşlı Zəhra Bağırzadə bu gün tibbi müayinədən keçiriləcək. Bu barədə Sputnik Azərbaycan-a Zəhranın atası Rəsul Bağırzadə məlumat verib.
O, bildirib ki, Zəhranın tibbi müayinəsi ilə bağlı bu gün prokurorluqdan onlara müraciət olub: "Prokurorluqdan mənimlə əlaqə saxladılar ki, Zəhranı həkim müayinəsindən keçirdim. İndi hazırlaşırıq ki, Zəhranı həkimə aparaq".
Amma R. Bağırzadə Zəhranın oğurlandıqdan sonra səhhətində heç bir problem olmadığını bildirib: "Zəhra tapıldıqdan sonra səhhəti ilə bağlı heç bir narahatçılığı olmadı. İndi də heç bir şikayəti yoxdur. Amma prokurorluqdan dedilər ki, müayinə olunsun. Ona görə də, Zəhranı həkimə aparırıq".
R. Bağırzadə Zəhranın hansı tibb müəssisəsində həkim müayinəsindən keçiriləcəyi barədə dəqiq məlumatı olmadığını söylədi: "Mənə dedilər ki, uşağı aparmalısan "AAF Center"də Kəmalə xanımın yanına. İndi hazırlaşıb ora gedirəm".
Sabunçu rayon Sabunçu qəsəbə sakini, 2015-ci il təvəllüdlü Bağırzadə Zəhra Rəsul qızı iyunun 4-də günorta saatlarında yaşadığı evdən itkin düşmüşdü. Azyaşlı iyunun 6-da tapılaraq ailəsinə təhvil verilib.