BAKI, 5 may — Sputnik. Xalq artisti Fuad Poladovun vəfatından bir il ötür.
Sputnik Azərbaycan-ın məlumatına görə, Xalq artisti uzun sürən ağır xəstəlikdən sonra 2018-ci il mayın 4-dən 5-nə keçən gecə 69 yaşında dünyasını dəyişib. O, onkoloji xəstəlikdən əziyyət çəkib. Fuad Poladov Yasamal rayonundakı "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.
Fuad Ağarəhim oğlu Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. 132 saylı orta məktəbi bitirib. Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. ADİİ-nin Dram və kino aktyorluğu fakültəsini bitirib (1967-1972). Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında hazırlanan İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. İyirmi il bu kollektivdə işləyib. 20 mart 1987-ci ildə Azərbaycan SSR-nin xalq artisti fəxri adını alıb. Fuad Poladov 43 filmə çəkilib, Akademik Milli Dram Teatrında və Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində onlarla rol oynayıb.