Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 2 may — Sputnik. "Azərbaycan 2015-cı ildə BMT-nin Nyu Yorkdakı mənzil qərargahında 192 ölkə ilə birgə yeni qlobal dayanıqlı inkişaf məqsədlərinə dair qəbul olunmuş qərara qoşulub. Prezident tərəfindən yürüdülən düzgün iqtisadi inkişaf siyasəti sahəsində Azərbaycan BMT-nin minilliyin inkişaf məqsədi proqramında yoxsulluq səviyyəsinin aşağı salınması üzrə lider ölkədir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Beynəlxalq təşkilatların yüksək səviyyəli görüşü "Dayanıqlı inkişaf məqsədləri üçün tərəfdaşlığın qurulması" mövzusunda keçirilən iclasda çıxışı zamanı bildirib.
"Biz bu təşəbbüsə qoşulanda Azərbaycan əhalisinin yarısı yoxsulluq səviyyəsində idi. 2015-ci ilə qədər bu göstəricini 10 dəfəyə qədər aşağı sala bildik. Azərbaycanda yoxsulluğun göstəricisi 5 faizə düşüb. Hazırda Azərbaycan dünyada yoxsulluq səviyyəsinin aşağı olduğu 29 ölkədən biridir", - deyə nazir müavini qeyd edib.
Sevinc Həsənova qeyd edib ki, hazırda BMT-nin dayanaqlı inkişaf məqsədlərinin milliləşdirilməsi üzərində işlənilir: "Və biz bununla bağlı beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik. Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası tərəfindən hər il hesabatlar hazırlanır və ölkə başçısına təqdim edilir. Bu, bizim ölkənin 2030-cu ilə inkişaf yolunu göstərir. Azərbaycan yeni strategiya üzərində işləyir. Gələn il "Azərbaycan 2020: Gələcəyə baxış" inkişaf konsepsiyasını yekunlaşdıracağıq".
Nazir müavini vurğulayıb ki, təqdim edilən hesabatda ölkəmizin milli inkişaf gündəliyi, konsepsiyaları yer alıb.