BAKI, 2 may — Sputnik. Donald Tramp Venesuelada hərbi əməliyyat keçirmək üçün ciddi qərarlılıq nümayiş etdirmir, lakin onun milli təhlükəsizlik üzrə müşaviri Con Bolton onu bu ölkəyə qarşı aqressiv siyasət yeritməyə məcbur edir. Sputnik Azərbaycan-ın xəbərinə görə, "Washington Post" qəzetinin məqaləsində belə deyilir.
Amerika liderinin əvvəlki və hazırkı köməkçilərinin sözügedən nəşrə etiraf etdiyinə görə, Tramp Venesuelaya daxil olmaq məsələsində xüsusi qərarlılıq nümayiş etdirmir. Qəzetin mənbələrinin verdiyi məlumatda bildirilir ki, ABŞ prezidenti vaxtaşırı "Bolton onu müharibəyə çəkmək istəyir" deyir. İki köməkçinin dediyinə görə, hər dəfə Venesueladan söhbət gedəndə, Tramp Floridada baş verən siyasi hadisələrdən, yaxud da özünün qolf klubundan danışmağa başlayır. Onların hər ikisinin fikrincə, Tramp çətin ki, Venesuelada uzunmüddətli hərbi əməliyyatlar keçirməyə razılıq versin.
Qəzetin mənbələrinin dediyinə görə, Tramp Boltona Venesuela ilə bağlı geniş səlahiyyətlər verib. Bununla yanaşı, Karakasa münasibətdə daha aqressiv siyasət yeritməyə çağırış edən Bolton Ağ Evdə olduğu kimi ondan kənarda da qəzəb doğurmağa nail olmağı bacarıb. Onun köməkçiləri ötən həftə Venesuela ilə bağlı keçirilən brifinqdə dəfələrlə ABŞ Hərbi Hava Qüvvələrinin generalı Pol Selvanın sözünü kəsərək və hərbi variantlar barədə danışmasını istəyərək, onun qıcıqlanmasına səbəb olmuşdular.
Aprelin 30-da müxalifət Venesuelada dövlət çevrilişinə cəhd etmişdi. Özünü dövlət başçısı elan etmiş Xuan Quaido və onun tərəfdarları Karakasda "Karlota" hərbi bazasının qarşısına toplaşıblar.
Ölkə hakimiyyəti çevriliş cəhdlərinin uğursuz olduğunu bəyan edib. Venesuela prezidenti Nikolas Maduro çərşənbə axşamı baş verən hadisələrin araşdırılmasına başlanılması ilə bağlı göstəriş verib.