BAKI, 20 fevral — Sputnik. ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endryu Svoxer (ABŞ) və Stefan Viskonti (Fransa) bu gün Ermənistana səfərə gəlib. Bu barədə Sputnik Ermənistan xəbər verir.
Bildirilir ki, Yerevanda Qarabağ münaqişəsinin nizamlanması üzrə həmsədrlər baş nazir Nikol Paşinyan və xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşüb. Həmsdərlər Yerevandan Azərbaycana gələcəklər.
Qeyd edək ki, ötən gün ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiya xarici işlər naziri Miroslav Layçak bəyan edib ki, Qarabağ probleminin nizamlanmasını müzakirə etmək üçün Ermənistan və Azərbaycana səfər edəcək.
"Mən mart ayının birinci yarısında Yerevan və Bakıya səfər etmək niyyətindəyəm. Ermənistan və Azərbaycan rəsmiləri məni səfərə dəvət ediblər" - deyə Layçak vurğulayıb.
Onun sözlərinə görə, Slovakiya münaqişənin nizamlanması üzrə Minsk qrupunun səylərini tam dəstəkləyir.
"Seçkilərdən sonra Ermənistanda yeni vəziyyət yaranıb. Çox güclü mandat əldə edən hökumət var və müəyyən gözləntilər də məhz bununla bağlıdır" - deyən slovakiyalı nazir Minsk qrupunun həmsədrlərinə bu yeni vəziyyətdən istifadə etməyə yardım etməyi öz hədəfi hesab edir.