Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan
BAKI, 19 yanvar — Sputnik. Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik və hərbi sursat aşkar ediblər. Bu barədə Sputnik Azərbaycan-a Qaradağ rayon Polis İdarəsindən məlumat verilib.
Belə ki, cinayət-axtarışı üzrə əməliyyatçılar Xocahəsən qəsəbəsində 30 yaşlı Məmmədyarov Nurlan Hacı oğlundan 1,605 qram heroin, 2,106 qram qurudulmuş marixuana götürüblər. Polis Məmmədyarovun evindən həmçinin altı ədəd tüstü şaşkası və iki ədəd əl qumbarası tapıblar. İndi istintaq onun bu silahları əldə etməklə nəyə hazırlaşdığını müəyyənləşdirməyə çalışır.
Qaradağ RPİ-nin əməkdaşları bu sutka ərzində narkotik taciri olan bir qadını da saxlayıb. Asayiş keşikçiləri Bakı şəhər sakini, 23 yaşlı Fərzullazadə Nəzrin Nəriman qızından 1,005 qram heroin və 600 qram opium götürüblər.
Nəhayət, sözügedən polis idarəsi digər paytaxt sakinindən də içərisində 17 kq marixuana və yarım kilo heroin olan kisəni müsadirə edib. Bakı-Qazax magistralının 36-cı kilometrində, Sahil qəsəbəsi ərazisində yol patrul xidmətinin əməkdaşları Kərimov familiyalı şəxsin idarə etdiyi Mitsubishi markalı avtomobili saxlayıb. Maşında sərnişin Andrey Fomenko oturubmuş. Fomenkonun əl yükü yoxlanıldıqda, oradan satış üçün nəzərdə tutulmuş 16,250 kq marixuana və 470 qr heroin aşkarlanaraq müsadirə edilib.
Hazırda hər üç faktla bağlı araşdırma davam edir.