BAKI, 11 yanvar — Sputnik. Çinin baş naziri Li Keçyan amerikalı avtomobil istehsalçısı "Tesla"nın rəhbəri İlon Maskla görüşdə deyib ki, ona Çin "qrin kart"ı verə bilər.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Li Keçyan İlon Maskla çərşənbə günü "Tesla"nın tikinti zavodunun Şanxaydakı rəsmi açılışından sonra görüşüb.
"Mən ümid edirəm ki, Teslanın Şanxaydakı zavodu bütün dünyaya nümunə olacaq. Mən Çini çox sevirəm və bura tez-tez gəlməyə hazıram" deyə Mask bildirib.
Li Keçyan isə öz növbəsində isə bildirib ki, əgər Mask həqiqətən belə düşüncədədirsə, ona əcnəbi vətəndaşın daimi yaşaması üçün şərait yaradıla bilər. Bu sözlərin qarşısında Mask Keçyana təşəkkürünü bildirib.
Qeyd edək ki, Çində 2004-cü ildən 2016-cı ilə qədər 10 min "qrin kart" verilib. Çin "qrin kartı"nı alan ilk əcnəbi isə fizik Coan Hinton olub.
"Tesla" Şanxayda zavodda illik 500 min avtomobil istehsal etməyi planlaşdırır. Bu 5 milyard dollara başa gələcək. "Tesla" Şanxay yaxınlığında 2020-ci ildə Model3 elektrik avtomobili istehsal etməyi planlaşdırır.