BAKI, 27 dekabr — Sputnik. Alimlər çoxdan müəyyən ediblər ki, bir çox viruslar qadınlardan çox kişilər üçün qorxuludur. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, məsələn, güclü cinsin nümayəndələri qadınlara nisbətən vərəmdən daha çox ölür.
Papiloma virusundan təsirlənən kişilər, qadınlardan 5 dəfə çox xərçəng xəstəliyinə yoluxur. Epşteyn-Barr virusuna yoluxmuş kişilərdə isə Hodkin limfoması daha çox inkişaf edir.
Hesab edilir ki, bu müxtəlifliyin səbəbi immun sisteminin fərqli xüsusiyyətləri ilə əlaqəlidir.
Londonun Hollouey kollecinin əməkdaşları isə başqa bir nəzəriyyə irəli sürüb.
Onların fikrincə, viruslar qadın bədəninə daha az zərər vuracaq şəkildə inkişaf edir. Bu onların yayılmasına kömək edir - yoluxmuş bir daşıyıcı hamiləlik və bəslənmə zamanı patogenini uşaqlarına ötürə bilər.
Alimlər riyazi model hazırlayaraq sübut etməyə çalışıblar ki, nəzəriyyədə təbii seçim xəstəliyin anadan uşağa keçməsinə qədər, qadınlar üçün daha az ölümcül olan virusları "himayə" edir.
Bunun üçün virus kimin orqanizmində olduğunu bilməlidir. Araşdırmanın müəllifləri bunun necə baş verdiyini deyə bilməsələr də, belə bir mexanizmin olduğuna inanırlar. Bu nəzəriyyəni sübut etmək üçün hər iki cinsin nümayəndələri üzərində kompleks araşdırma aparılmalıdır.
Ekspertlər toyuqda xərçəng xəstəliyi yaranmasını müəyyən etmək üçün quşlar və heyvanlar üzərində araşdırma aparmağı planlaşdırır. Artıq müəyyən edilib ki, erkəklərdə dişilərə nisbətən daha çox şiş inkişaf edir.