BAKI, 18 dekabr — Sputnik. Türkiyə Türk Silahlı Qüvvələrinin daxilinə sızmış FETÖ (Fətullahçı Terror Təşkilatı) üzvlərinə qarşı növbəti böyük əməliyyat keçirilib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, "Qazi Turgut Aslan" adı verilən əməliyyat nəticəsində 118 hərbçi həbs edilib.
Qeyd edək ki, Türkiyə hüquq-mühafizə orqanları son bir həftə ərzində (10-17 dekabr tarixlərində) terrorla mübarizə çərçivəsində 2404 əməliyyat keçirib. Məlumata əsasən, son bir həftə ərzində əməliyyatlar nəticəsində 23 "yüksək ranqlı" terrorçu zərərsizləşdirilib.
Həmçinin, bir həftə ərzində terror təşkilatına yardım etmək və onlarla bağlılığına görə 761 nəfər (PKK/KCK 266, solçular 23, İŞİD 41, FETÖ/PDY 421), narkotik və qaçaqmalçılığa görə 3561 nəfər, qanunsuz miqrasiya ilə bağlı isə 226 nəfər (ümumilikdə 4328) nəfər saxlanılıb.
Əməliyyat nəticəsində 12 əyalətdə terrorçulara məxsus 42 sığınacaq, mağara dağıdılıb, 482 kiloqram partlayıcı, 59 silah, 28 əl bombası, 7499 ədəd müxtəlif sursat ələ keçirilib.