BAKI, 14 dekabr — Sputnik. Ankarada 9 nəfərin öldüyü qatar qəzası ilə bağlı yazıçı Nihat Gənc öz "Tvitter" səhifəsində inanılmaz iddia irəli sürüb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, qəzanın şifrəsi "Toqquşma" filmində yer alıb.
Yazıçı hadisənin sui-qəsd (terror) olduğunu və onu təşkil edənlərin 100-dən çox qurban gözlədiklərini də qeyd edib.
"Bir. Nihat Gənc necə dəli oldu. Belə ki, " Toqquşma" filmində şifrə olaraq 03.01.2008 tarixi verildiyini yazmışdım. İkinci hissədə bu şifrəni 03.02.2018 olaraq düzəltdilər.
İki. "Toqquşma" filminin ikinci hissəsində 03.01.2008 tarixini kolye üzərində yazmaqla kifayətlənmədilər, 03.02.2008 yazısı ekrana 3-4 dəfə görüntü kimi gəldi.
Üç. Biz bu şifrənin niyə dəyişdirildiyini anlamdığımızı demişdik. Və düzəltmənin niyə bir neçə dəfə ekrana görüntü kimi verildiyinə təəcüblənmişdik. Bunlar qəribə nəsə edirlər, xeyirlisi demişdik.
Dörd. Məlumatlı insan olaraq deyirəm ki, ssenari ilə bağlı göstərilmiş rəqəmin sonrakı hissədə dəyişdirilməsi filmin ssenarisi ilə bağlı deyil, sosial həyatla əlaqəlidir və ətrafa şifrə verdikləri dəqiqdir.
Beş. "Toqquşma" filmində 03.02.2008 rəqəmlərinə 10 əlavə edin. Və 13.12.2018 alacaqsınız. Kameralar, radarlar, yol boyu texniklər var. Yolun ortasında 3 yük avtomobili böyüklüyündə qatar durur və heç kim buna diqqət yetirmir.
Altı. Və bugünkü qatar qəzası meydana gəlir. Bunun bir qəza deyil, sui-qəsd olmasına heç bir mühəndisin şübhəsi yoxdur. Bu bir sui-qəsddir və ölü sayı 100-dən çox olacaqdı.
Bu twitləri çox oxumayın. Bizə lazımsınız. FETÖ-nün rəqəmləri və şifrələri sizi də dəli etməsin. Bu şifrə izahından da narahat olmayın, şifrəli danışanlara şifrə ilə cavab verəcəksiniz" – deyə Nihat Gənc qeyd edib.
Xatırladaq ki, Ankara-Konya istiqamətində hərəkət edən sürət qatarı Yeniməhəllə rayonunda Marşandiz stansiyasında yola nəzarət edən qatarla toqquşub. Hadisə zamanı 9 nəfər ölüb, 86 nəfər xəsarət alıb. Hadisə ilə bağlı 3 nəfər həbs edilib.