BAKI, 16 noyabr-Sputnik. "Aktiv vergi ödəyicilərinin 65 faizi sadələşdirilmiş vergi ödəyiciləridir. Burada baş verən qanunsuzluqlar, işçilərin qeydiyyata alınmaması, əməkhaqlarının şəffaf göstərilməməsi nəticə etibarilə bu sahəyə güzəştlərin edilməsini önə çəkir". Sputnik Azərbaycan xəbər verir ki, bunu vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxış edərkən deyib.
Onun sözlərinə görə, təkliflərdə bu sahə üzrə güzəştlərin 7 il olması nəzərdə tutulur: "Hazırda müzakirələr gedir, ona görə də bu müddət dəyişə bilər. Dövlət müəssisələri, bütöv neft sektorunu mövcud qaydada olduğu kimi saxlayırıq. Yəni mövcud status qalır, əməkhaqqından gəlir vergisi 2500 manata qədər 14 faiz olacaq, 2500 manatdan yuxarı olduqda isə 25 faiz olacaq, 173 manatdan isə tutulmayacaq. Dövlət sektoru üzrə sosial sığorta haqlarının tətbiqi vəziyyəti də bu gün mövcud olduğu kimi qalacaq".
"Azərbaycanda özəl qeyri-neft sektoru üzrə 8000 manata qədər əməkhaqqından gəlir vergisinin tutulmamasını təklif edirik. Bu zaman yalnız sosial sığorta haqqı 26 faiz tətbiq olunacaq. Bu da işəgötürənlə işçi arasında bölüşdürüləcək" - deyə vergilər nazirinin birinci müavini bildirib.