BAKI, 3 oktyabr — Sputnik. İndoneziyanın Sulavesi adasında zəlzələ və sunami nəticəsində həlak olanların sayı 1400 nəfərə yaxınlaşır. Sputnik Azərbaycan bu barədə Rusiya KİV-nə istinadən xəbər verir.
Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarənin rəhbəri Villem Rampanqiley jurnalistlərə açıqlamasında bildirib ki, hazırda 1374 nəfərin öldüyü, 113-nün isə itkin düşdüyü məlumdur.
Qeyd olunur ki, təbii fəlakət nəticəsində ölənlərin sayı arta bilər. Belə ki, hazırda xilasedicilər hələ zəlzələnin episentrinə yaxın Dunqala yaşayış məntəqəsinə çata bilməyiblər.
Xatırladaq ki, 7,7 bal gücündə olan zəlzələ sentyabrın 28-də baş verib. Zəlzələ nəticəsində 3 min ev, eləcə də hotellər, xəstəxanalar, ticarət mərkəzləri dağılıb. Təkanlardan sonra ada 2 metrlik sunaminin altında qalıb.