BAKI, 29 iyun — Sputnik. ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makrona Avropa İttifaqının (Aİ) tərkibindən çıxmağı təklif edib. Əvəzində isə Aİ-dən çıxacaq 5-ci ölkə olaraq ona gəlirli ticarət müqaviləsi vəd edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "The Washington Post" nəşri yazıb. Avropadakı rəsmi mənbəyə istinad edən qəzetin yazdığına görə, bu il aprelin 24-də Ağ Evdə aparılan özəl söhbət zamanı iki ölkənin prezidentləri ticarət məsələlərini müzakirə ediblər.
Həmin vaxt Tramp Fransa prezidentinə belə bir sualla müraciət edib: "Niyə Avropa İttifaqından çıxmırsız?". Ağ Ev rəhbəri bunun qarşılığında Makrona Avropa İttifaqının şərtlərindən daha əlverişli və gəlirli ticarət anlaşması təklif edib.
Ağ Ev bu informasiyanı şərh etməkdən boyun qaçırıb. "Axios" portalı xəbər verir ki, həmin vaxt söhbət zamanı Tramp Makrona "Avropa İttifaqı ticarət sahəsində Çindən pisdir" deyib.
Məlum olduğu kimi, 2018-ci ilin mart ayında Tramp Administrasiyası Birləşmiş Ştatlara polad və alüminium göndərən bütün ölkələr üçün bu məhsullara tətbiq edilən idxal vergisini müvafiq olaraq 25 və 10 faiz artırıb. Bunun qarşılığında Avropa İttifaqı ölkələri Amerika mallarına tətbiq etdiyi idxal vergisini 25 faizə qaldırıb. Nəticədə ABŞ-ın idxal məhsullarına tətbiq olunan verginin miqdarı 2,8 milyard avro təşkil edib.