Bakı, 1 iyun — Sputnik. Avropa.info-nun əməkdaşları görünməmiş xuliqanlıq hərəkəti ilə qarşılaşıblar. Saytdan Sputnik Azərbaycan-a daxil olmuş məlumatda deyilir ki, bu gün saat 15:00 radələrində Nərimanov rayonu Nazim Hacıyev küçəsi ilə Əliyar Əliyev küçəsinin kəsişməsində "Chevrolet Niva" markalı maşının sürücüsü avtomobili saytın əməkdaşlarının üzərinə sürüb.
10 PN 879 dövlət nömrə nişanlı avtomobil yüksək sürətlə hərəkət edib, həmin ərazidə yol piyadanın olduğu halda belə maşını saxlamayıb: "Əməkdaşlarımız cəld avtomobilin qarşısından sıçrayaraq kənara tullanıblar. Əks halda saytın hər iki əməkdaşımız avtomobilin altında qala bilərdilər".
İddia olunur ki, bu hərəkətinə görə narazılığını bildirən jurnalistlərə avtomobilin sürücüsü çox kobud şəkildə davranıb: "Əvvəlcə sürücü etiraz edib ki, maşın gəlirsə, yoldan niyə çıxmırsınız. Sonra dialoq bu şəkildə davam edib:
Əməkdaşımız:
— Bura tənzimlənməyən piyada keçididir. Sən mütləq dayanıb, piyada yol verməli idin. Sən isə maşını üzərimizə sürürsən.
Sürücü:
— Burada piyada keçidi yoxdur. Görürsən, maşın gəlir, çıxın kənara. Elə etməyin ki, düşüb, başqa cür danışım".
Avropa.info-nun əməkdaşları qeyd edirlər ki, kobudluq edən sürücünü nəzakətli danışmağa dəvət etsələr belə, sürücü səsini kəsməyib, xuliqanlıq hərəkətini davam etdirib: "Yol hərəkəti qaydalarından xəbəri olmayan kobud sürücü sonra bunları söylədi: "Yaşınız çox olmasaydı, düşüb başqa cür danışardım. Rədd olun, gedin buradan. Düşüb, ağzınızı-burnunuzu dağıdaram"".
Avropa.info əməkdaşları DİN və DYP-nə müraciət edərək, həmin sürücünün tapılıb cəzalandırılmasını xahiş edirlər: "Bu qədər xuliqanlığı öz şəxsiyyətinə yaraşdıran bir sürücüyə qarşı DYP mütləq ölçü götürməli, adam haqq etdiyi cəzanı almalıdır. Belə sürücülər düşünməsin ki, avtomobilə miniblərsə, piyadaları tapdalaya bilərlər".