Fuad Əlizadə, Sputnik Azərbaycan
BAKI, 24 may — Sputnik. "Brent" markalı neftin bir bareli 22 may axşam saatlarında dünya birjalarında 80 dollardan yuxarı satılırdı. "Qara qızıl"ın qiymət artımının əsas faktoru – rəsmi Vaşinqtonunun ən çox neft hasil edən ölkələrin onluğuna daxil olan Venesuela rəhbərliyinə qarşı sanksiya tətbiq etmək təhlükəsidir.
ABŞ prezidenti Donald Tramp artıq Venesuelanın dövlət borcu ilə bağlı əməliyyatlara bir sıra sanksiya tətbiq edib, lakin bu, yalnız aysberqin görünən tərəfidir. Çünki hazırki prezident Nikolos Maduro ölkə rəhbəri olaraq qaldıqca Ağ Evin Karakasa qarşı sanksiyaları sərtləşdirməsi siyasəti davam edəcək.
Ağ Ev rəhbərliyi mayın 20-də keçirilən prezident seçkilərində qalib gələn və 2025-ci ilə qədər özünə prezident kürsüsünü təmin edən Maduronun daha 7 il hakimiyyətdə qalmasını gözləmək niyyətində deyil.
Heç kim şübhə etmir ki, ABŞ-ın gələcək sanksiyaları və Venesuelanın tərəfdaşlarına təhdidləri bu ölkədə neft hasilatının azaldılması ilə nəticələnəcək ki, bu da müvafiq olaraq dünya bazarlarında neft qiymətlərinin artmasına səbəb olacaq.
Bir sıra siyasətçilər ABŞ prezidentinin neft qiymətlərinin aşağı salınması üçün işləməyə hazır olması barədə bəyanatlarına şübhə ilə yanaşır və onun aprelin 20-dəki "Twitter"paylaşımını tənqid edirlər. Tramp həmin "tweet"-də vurğulayır ki, yüksək neft qiymətləri neft ixrac edən ölkələrin təşkilatı (OPEK) tərəfindən dəstəklənir. Həmin vaxt "Brent" markalı neftin qiyməti bir barel üçün 70 dollar səviyyəsini yenicə keçmişdi.
Lakin bu bəyanatdan çox keçməmiş, mayın 8-də Tramp ölkəsinin İranla bağlanan nüvə razılaşmasından çıxdığını bəyan etdi ki, bu addım da öz növbəsində neftin qiymətinin bir barel üçün 78 dollara qədər qalxması ilə nəticələndi. Hazırda ABŞ aktiv şəkildə öz tərəfdaşlarını – Avropa İttifaqı ölkələrini İrana qarşı sanksiyalara qoşulmağa məcbur edir.
Almaniya və Fransa rəhbərliyinin İranla imzalanan nüvə razılaşmasından çıxmaqdan imtina etməsi neftin qiymətinin 80 dollardan bir az aşağı düşməsinə imkan verdi. Lakin görünən budur ki, ABŞ prezidenti qəti qərar verib və neft qiymətləri hələ ki o səviyyədə möhkəmlənməyib ki, ABŞ-da şist yataqlarının hasilatçıları özlərini daha da əmin hiss etsinlər.
Neft qiymətlərinin yüksək olması ABŞ-dan fərqli olaraq ekoloji səbəblərdən şist yataqların işlənməsindən imtina edən Avropa İttifaqı ölkələrinin iqtisadiyyatına mənfi təsir edir. Eyni zamanda yeni yataqların işlənməsinə milyardlarla dollar yatırım etməyən və neft qiymətlərinin yüksək olmasından əlavə gəlir əldə edən OPEK ölkələri də çətin ki, qiymət trendinin dəyişməsi üçün neft hasilatının artımına getsin.
Lakin mövcud şərtlərdə neft bazarında "qiymət köpüyü" yaranır ki, bu da son nəticədə partlayacaq və enerji daşıyıcılarının qiymətini aşağı salacaq. Alternativ enerji mənbələrinin inkişafı və enerjiyə qənaətə imkan verən texniki inkişaf qiymətin daha da aşağı düşməsi, son nəticədə karbohidrogen xammalın əvəz edilməsi ilə nəticələnəcək.
Ümumi ixracın 90%-nin karbohidrogen məhsulları olan Azərbaycan üçün bu gün "günəşli günlər" başlayıb. Lakin "qara qızıl"ın qiyməti yüksək səviyyədə çox qalmayacaq və Azərbaycan iqtisadiyyatı neft qiymətlərinin iki dəfə aşağı düşməsi şəraitində də sabit şəkildə inkişaf etməyə hazır olmalıdır.
2018-ci il üçün Azərbaycan büdcəsi formalaşdırılarkən neftin bir barelinin qiyməti 45 dolardan hesablanıb. Hazırda Milli Məclisin deputatları dövlət büdcəsinə yenidən baxmağa və gəlir və xərclərin hesablanmasında neftə daha yüksək baza qiyməti qoymağa hazırlaşır.