BAKI, 21 may — Sputnik. Ölkəsinin İsraildəki səfirliyini Qüdsə köçürərək böyük qalmaqal yaradan ABŞ prezidenti Donald Tramp, paytaxtı Əbu Dis şəhəri olan Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan sülh planını Ramazan ayından sonra açıqlayacaq. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, "Associated Press" xəbər agentliyi Trampın bir müddətdir üzərində çalışdığı Fələstin-İsrail sülh planını iyun ayının ortasında açıqlayacağını bildirib.
Agentliyə məlumat verən 5 amerikalı diplomat planın mətninin başa çatdığını söyləyib. Sülh planının yekun bir sənəd olmadığını vurğulayan amerikalı diplomatlar bəyanatın səsləndirilməsinin ardından 3 körfəz ölkəsi rəsmilərinin, həmçinin Misir, Fələstin və İsrailin birlikdə müzakirələrə başlaya biləcəyini qeyd edib.
İsrailin "Yerusəlim Post" qəzeti müzakirə planında Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd Salmanın və Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Məhəmməd Zayedin də olduğunu yazıb.
"Mossad"a yaxınlığı ilə tanınan "Debka" xəbər saytı isə Trampın sülh planının detallarını açıqlayıb. Plana görə, kiçik bir ərazidə qurulacaq Fələstin dövlətinin paytaxtı Şərqi Qüdsdəki Əbu Dis şəhəri olacaq. Plana görə, Şərqi Qüdsün ərəb məhəllələri Fələstinə tabe olsa da, Əl-Əqsa məscidinin yerləşdiyi "Əski şəhər"ə nəzarət tamamilə İsraildə olacaq.
Planın detalları belədir:
— Qurulacaq Fələstin dövləti Qərbi İordan çayının yarısı ilə Qəzzadan ibarət olacaq;
— Qərbi İordan çayının İordaniya Vadisi bölgəsi İsrailin nəzarətində olacaq;
— İsrail Qərbi İordan çayının və sərhədlərinin təhlükəsizliyini təmin edəcək;
— Şərqi Qüdsün ərəb məhəllələri Fələstinin nəzarətində, Əl-Əqsa məscidinin yerləşdiyi "Əski şəhər" İsrailin tabeliyində olacaq;
— Fələstinin paytaxtı Əbu Dis olacaq;
— Fələstindəki məscidlərin idarəsini İordaniya öz üzərinə götürəcək;
— Qəzza zolağı "Həmasın"-ın silahı yerə qoyacağı təqdirdə Fələstin dövlətinə daxil ediləcək;
— Fələstinli qaçqınlara geri dönmək haqqı verilməyəcək, ancaq təzminat almaq üçün beynəlxalq mexanizm yaradılacaq;
— İsrail dünyadakı yəhudilərin dövləti olaraq tanınacaq.