BAKI, 9 yanvar — Sputnik. Son zamanlar bir sıra kütləvi informasiya vasitələrində vergi orqanlarında həyata keçirilən kadr və struktur dəyişiklikləri barədə həqiqəti əks etdirməyən məlumatlar yayılmaqdadır. Bu barədə Sputnik Azərbaycan-a Vergilər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Bildiririk ki, cəmiyyətdə yanlış informasiyaların yayılmaması üçün Vergilər Nazirliyinin rəsmi məlumatlarına istinad olunmalıdır. Vergi inzibatçılığının təkmilləşdirilməsi, daha çevik idarəetmə mexanizmlərinin tətbiqi və yeni çağırışlara cavab verən vergi sisteminin formalaşdırılması məqsədilə Vergilər Nazirliyində struktur və kadr islahatlarına başlanılıb" — məlumatda bildirilir.
"Nazirliyin strukturunun yenidən təşkili, eyni zamanda, onun fəaliyyətini müəyyənləşdirən institusional dəyişikliklərin aparılmasına istiqamətlənən islahatlar ölkədə sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması, biznesin inkişafında süni maneələrin aradan qaldırılması, cəmiyyətdə vergi mədəniyyətinin formalaşdırılması, partnyorluq münasibətlərinin tərkib hissəsi olaraq vergi ödəyicilərinin öz öhdəliklərini yüksək səviyyədə yerinə yetirməsi məqsədi daşıyır" — nazirlik qeyd edir.
Sonda vurğulanır ki, "bununla əlaqədar olaraq, vergilər nazirinin müvafiq əmrləri ilə 64 nəfər vergi xidməti əməkdaşı tutduğu vəzifədən azad edilərək nazirliyin sərəncamına götürülüb ki, onların arasında nazir müşavirləri, struktur bölmə rəhbərləri və digər vəzifəli şəxslər var".