BAKI, 21 dekabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2018-ci ilin İş vaxtı norması və İstehsalat təqvimi təsdiq edilib. Bu barədə Sputnik Azərbaycan-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
2018-ci ilin İş vaxtı normasında bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" 2017-ci il 6 dekabr tarixli 540 nömrəli qərarına əsasən 2018-ci ildə 1, 2 yanvar — Yeni il bayramı, 20 Yanvar — Ümumxalq hüzn günü, 8 Mart– Qadınlar günü, 20, 21, 22, 23, 24 mart –Novruz bayramı, 9 May — Faşizm üzərində Qələbə günü, 28 May — Respublika günü, 15 İyun — Azərbaycan xalqının Milli Qurtuluş günü, 15,16 iyun — Ramazan bayramı, 26 İyun — Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, 22, 23 avqust — Qurban bayramı, 9 Noyabr — Azərbaycan Respublikasının Dövlət Bayrağı günü və 31 Dekabr — Dünya Azərbaycanlılarının Həmrəyliyi günü iş günü hesab edilmir.
Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci və 6-cı hissələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin "2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" 2017-ci il 6 dekabr tarixli 540 nömrəli qərarına əsasən 2018-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri və Ramazan bayramının bir gününün Azərbaycan xalqının Milli Qurtuluş günü ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3 yanvar, 26 mart və 18,19 iyun tarixləri, altıgünlük iş həftəsində isə 3 yanvar və 18 iyun tarixləri istirahət günləridir. 2018-ci ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. Səsvermə günü Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə ümumxalq hüzn və ya iş günü hesab edilməyən bayram gününə düşərsə (Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin II hissəsində nəzərdə tutulan hal istisna olmaqla), səsvermə səsvermənin keçirilməli olduğu ayın başqa iş gününə təyin edilir. Seçki Məcəlləsinin 178-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Prezidentinin Konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddəti başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur.
Seçkilərin keçirilməsi günü Mərkəzi Seçki Komissiyasının qərarı ilə elan edilir və seçkilərin keçirilməsi gününün elan edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarı ən geci 2 gün müddətində dərc edilir. 2018-ci ilin İş vaxtı normasının hesablanması məqsədilə rəsmi elan olunanadək şərti olaraq 2018-ci ilin 17 oktyabr tarixi iş günü hesab edilməyən Azərbaycan Respublikası Prezidentinin seçki günü kimi nəzərə alınır.
Sənəddə qeyd olunur ki, 2018-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan 7-si bayramqabağı, 1-i Ümumxalq hüzn günü qabağı, 1-i səsvermə qabağı iş günləridir), iş günü hesab edilməyən 108 istirahət günü (onlardan 3-ü iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən, 1-i isə Ramazan bayramının bir gününün iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşməsinə görə verilən istirahət günü), iş günü hesab edilməyən 17 bayram (2-i istirahət günləri ilə üst-üstə düşən), 1 səsvermə və 1 Ümumxalq hüzn günü vardır (241+108+17+1+1-3 = 365).