BAKI, 24 noyabr — Sputnik. Dağıstanın Azərbaycanla həmsərhəd Məhərrəmkənd rayonunda iki nəfərin ölümü və üç nəfərin yaralanması ilə nəticələnən atışmaya səbəb borc pul olub. APA-nın xəbərinə görə, bu barədə Dağıstanın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Məlumata görə, insidentlə əlaqəli 6 nəfər saxlanılıb, 15 nəfərədək şəxsin axtarışı davam etdirilir.
“Ümumilikdə münaqişədə 20-dək şəxs iştirak edib. Onlardan bir qrupu Məhərrəmkənd rayonuna Dərbənd şəhərindən gəlib. Mübahisə pul üstündə, daha dəqiq, borca görə yaranıb” — deyə mənbə bildirib.
Məlumata görə, insidentdə Məhərrəmkənd rayonu rəhbərinin qohumları iştirak edib. Onlardan biri Eldar Yaralıyev öldürülüb, rayon rəhbərinin qardaşı oğlu isə yaralanıb.