BAKI, 20 noyabr — Sputnik. "Avrasiya İqtisadi İttifaqına yeni üzvlərin qəbul edilməsini alqışlayırıq. Hazırda Tacikistanın təşkilata daxil olması məsələsinə baxılır".
Sputnik Azərbaycan xəbər verir ki, bu açıqlamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov verib. ADA Universitetində tələbələr və müəllim heyəti ilə görüşü zamanı Lavrov deyib ki, Aİİ-yə MDB üzvü olmayan ölkələrdən də müraciətlər gəlir.
"Azərbaycanı da bu təşkilatda görməkdən çox məmnun olarıq" — Rusiya XİN rəhbəri bildirib.
"Avrasiya İqtisadi İttifaqı açıq inteqrasiya birliyidir. Biz heç kəsə bu təşkilata daxil olmağı diqtə etməmişik" — o, əlavə edib.
S. Lavrov Rusiya — ABŞ münasibətləri və Dağlıq Qarabağ münaqişəsinə də toxunub: "Bu məsələdə Rusiya ABŞ və Fransa ilə ümumi mövqeyə malikdir. Həmsədrlər, səfirlər nazirlərlə görüşürlər, mütəmadi regiona səfər edirlər".
"ABŞ-la Rusiya arasında münasibətlərin bəzi sahələrdə dalana dirənməsinə baxmayaraq, bu münasibətlər Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində əməkdaşlığa təsir etmir" — o vurğulayıb.
Lavrov ümid etdiyini bildirib ki, pezidentlər arasında keçən ay keçirilən görüş münaqişənin həlli istiqamətində irəli addım atmağa kömək edəcək.