BAKI, 15 noyabr — Sputnik. Amerika Birləşmiş Ştatları tarixində bir ilk yaşanıb. Sputnik Azərbaycan CNN-ə istinadən xəbər verir ki, ölkə Senatının Xarici Əlaqələr Komitəsində keçirilən iclasda prezident Donald Trampın nüvə sahəsi ilə bağlı beynəlxalq müzakirə və danışıqlarda iştirakının milli təhlükəsizliyə zərər ola biləcəyi vurğulanıb.
Beləliklə də, prezidentin bu sahə ilə bağlı öhdəliyində olan səlahiyyətlərinin geri alınmasının önü açılmış oldu. Senatdakı müzakirələr zamanı qeyd olunub ki, Tramp əqli cəhətdən normal insan deyil. Komitə üzvləri dövlət başçısının dəyişkən və qeyri-sabit xarakterə malik olduğunu hesab edirlər.
"Biz cənab Trampın hərəkətlərini yaxından təqib edirik. Və görürük ki, onun bir sözü o birini tutmur. Yəni qeyri-sabit və dəyişkən adamdır. Onun qərarvermə prosesi olduqca xəyalpərəstdir. Bu adam Amerikanın milli maraqlarına zidd nüvə hücumu əmri verə bilər" — senator Kris Mörfi deyib.
Bəzi senatorlar isə mövzunun çox həssas olduğunu, təcili qərar verməyin doğru olmayacağını, çünki düşmənlərin ABŞ-ı izlədiklərini bildiriblər.
"Biz bu məsələni tələsmədən müzakirə etməliyik. Tramp ABŞ prezidentidir. Əlbəttə, biz onun qəribə davranışları səbəbilə narahatlıq keçiririk, amma unutmamalıyıq ki, düşmənlərimiz bizi izləyir. Cənab Tramp nə də olsa, Amerika rəhbəridir" — senator Bob korker qeyd edib.